“Məmmədyarov oğlunun gəlir mənbəyini açıqlamadığı müddətcə bu əmlakların çirkli pullarla alındığı qüvvədə qalacaq”- Fərhad Mehdiyev

“Məmmədyarov oğlunun gəlir mənbəyini açıqlamadığı müddətcə bu əmlakların çirkli pullarla alındığı qüvvədə qalacaq”

Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Təhükəsizlik Xidmətinə (DTX)  müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın açıqlamasına görə, buna səbəb son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparılmasıdır.
Nazirlik qarayaxma kampaniyasının araşdırılmasını, müvafiq tədbirlərin görülməsini istəyir.
Mətbuat katibi bunun vətəndaşın şərəf və ləyaqəti haqqında Azərbaycan Konstitusiya və digər qanunvericilik aktlarına zidd olduğunu qeyd edib.
Gununsesi.org xəbər verir ki, Toplum tv məsələnin hüquqi tərəflərini mütəxəssislərlə müzakirə edib.
 
Hüquqşünas Fərhad Mehdiyev bildirib ki, şəxsi həyata toxunulmazlıq halı baş veribsə, bunun araşdırılması Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindədir, DTX-nın yox: “Əslində, Elmar Məmmədyarovun özü yox, oğlu güc strukturuna müraciət etməliydi. Əgər oğlu bundan narahat olsaydı, DİN-ə müraciət edə bilərdi”.
Ekspert deyir ki, Elmar Məmmədyarovun oğlu nazir oğludur. Onun əmlakı və gəlirini araşdırmaq ictimai maraq doğurduğu üçün KİV nümayəndələri bunu araşdıra bilərlər: “Bu, tamamilə hüquqidir. Elmar Məmmədyarovun DTX-ya müraciəti isə hüquqi baxımdan əsassızdır”.
Müraciətin imitasiya və əsas məqsədin nazirin özünü təmizə çıxarmaq istəməsi olduğunu bildirən F.Mehdiyev əlavə edir: “Elmar Məmmədyarov mülkləri ortaya çıxan ilk məmur-oliqarx deyil. Nazir özünün günahsız və heç bir korrupsiya əməlində iştirak etmədiyini göstərmək istəyir və buna görə də DTX-ya müraciət edib. Amma bu, təbii ki, imitasiyadır”.
Hüquq müdafiəçisi belə bir vəziyyətdə E.Məmmədyarovun oğlunun gəlir mənbəyini açıqlamalı olduğunu deyir: ” Nazir özünü təmizə çıxarmaq istəyirsə, oğlunun gəlir mənbəyini açıqlamalıdır. Əgər əmlaklar övladının gəliri hesabına alınıbsa, o zaman özünə bəraət qazandıra bilər. Bunları etməyəcəyi və açıqlama verməyəcəyi müddətcə şübhəli vəziyyətdə olacaq və bu əmlakların çirkli pullarla alındığı məsələsi qüvvədə qalacaq”.
Hüquqşünas Ələsgər Məmmədli də deyir ki, şəxslərin hüquq və azadlıqlarının bu və ya digər formada pozuntusu baş verdiyi halda yuxarı orqanlara və məhkəməyə müraciət etmək hüquqları var: “Baxmayaraq ki, Elmar Məmmədyarov nazirdir, o da məhkəməyə müraciət edə bilər. Məhkəmədə pozulduğunu iddia etdiyi hüququnun, həqiqətən, pozulub pozulmadığının və kimlər tərəfindən pozulubsa da, onların məsuliyyətə cəlb edilməsini tələb edə bilər. Ümumiyyətlə, DTX-ya fərdlərin müraciəti nəzərdə tutulmayıb. Özü haqqında yazılan məlumatlarla bağlı DTX-ya müraciət etmək və bunların araşdırılması səlahiyyət baxımından sözügedən qurumun məsələsi deyil”.
Müraciətin daha çox belə yazıları yazan şəxslərə geri addım atdırmaq olduğunu qeyd edən hüquqşünas əlavə edir: “Təbii ki, məqsəd müəyyən mənada bir az çəkingən jurnalistlərin bundan sonra belə addımlara cəhd etməsini əngəlləməkdir. Amma bu, faydasızdır”.
Ə.Məmmədli müasir medianın olduqca qloballaşdığını deyir: “Bu gün təkcə Azərbaycanda polis və məhkəmədən qorxmadan , eyni zamanda dünyanın bir çox yerində belə araşdırmalar edənlər var”.
Xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun Nyu-Yorkda bahalı mənzil alması ilə bağlı bir neçə gün öncə jurnalist Cavanşir Həsənli öz feysbuk hesabında məlumat yazıb.
Jurnalistin ortaya çıxardığı sənədlərdə göstərilir ki, nazirin böyük oğlu Emin Məmmədyarov Nyu-Yorkda ümumi dəyəri 4.2 milyon dollar olan iki mənzil alıb. Nyu-York Vegri Departamentindən bildirilib ki, mənzillər Riversayd bulvarı, “Tramp-Pleys”dəki binalarda yerləşir.

Gununsesi.org

COMMENTS