COP29: Tədbirin uğurlu təşkili Azərbaycanın qlobal nüfuzunu artırdı – RƏYLƏR

Azərbaycan ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla bitdi.

Həm gərgin müzakirələr, həm də tarixi qərarların qəbulu üzrə 13 gün davam edən COP29 -a ev sahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, ölkəmiz qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır.

Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssisləri saatlarla davam edən danışıqlarda ədalətli və davamlı razılaşma əldə etmək üçün müzakirələr apardılar.

Sammitdə əsas hədəflərdən biri yoxsul ölkələrə iqlim maliyyəsinin ayrılması idi. Gərgin keçən bu prosesin sonunda qəbul edilən razılaşma, iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirilir.

Noyabrın 24-ü səhərədək davam Bakı sammiti yalnız möhtəşəm təşkilati səviyyəsi ilə deyil, həm də Azərbaycanın enerji keçidi və davamlı inkişaf sahəsində liderlik etməyə hazır olduğunu göstərdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə beynəlxalq səviyyədə təriflər qazandı, qlobal əməkdaşlığın mərkəzinə çevrildi və bu da ölkənin beynəlxalq nüfuzunu artırdı.

ABŞ prezidenti Co Bayden olmaqla, bir çox dünya liderleri COP29-da qəbul edilən qərarları əhəmiyyətli adlandırıb. Tarixi qərarlara imza atılan COP29-da, həmçinin Paris sazişinin altıncı maddəsi də tam olaraq öz təsdiqini tapdı. Yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqlara Bakı sammitində yekun vuruldu. Bununla da iqlim sazişinin yekun müddəası öz həllini tapdı.

Onu da qeyd etmək yerinə düşər ki, bu sammitdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən, kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarı da qəbul olundu.

COP29-da əsas məqsəd inkişaf etməkdə olan ölkələr üçün daha əl çatan iqlim maliyyəşdirilməsi mexanizmlərinin yaradılması, 1.5°C hədəfinin qorunması idi. COP29 qlobal liderləri bir araya gətirmək və onların iqlim fəaliyyətinə dair müştərək öhdəliklərini nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bu konfransın paytaxt Bakıda keçirilməsi Azərbaycanın bir daha tarixi strateji zəfərlərindən biri kimi yadda qaldı. Bütün bunlarla yanaşı, dünya Azərbaycanın mədəniyyətini, inkişafını və yüksək təşkilatçılıq bacarığını bir daha yaxından gördü. Dostlarımız uğurumuza sevindilər, düşmənlərimizin ümidləri puç oldu.

Bir sözlə, COP29 Azərbaycanın həm qlobal miqyasda mövqeyini möhkəmləndirdi, həm də daxili sabitliyini daha da möhkəmləndirən tarixi bir hadisəyə çevirdi.

COP29-un Bakıda keçirilməsini tarixi əhəmiyyət kəsb etdiyini deyən Milli Məclisin deputatı Arzu Nağıyev Gununsesi.info -ya vurğulayıb ki, bu sammitin yüksək səviyyədə təşkili bütün dünyaya sübut olundu.

 

“Böyük bir tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, onun rəhbərinin düzgün daxili və xarici siyasətinin nəticəsidir. 72 mindən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dan çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Bəzi dövlətlərin COP29-un Bakıda keçirilməsini əngəlləməyə cəhd etməsinə baxmayaraq, tədbir ən yüksək səviyyədə baş tutdu. Həmin dövlətlər öz maraqları üçün bu tədbirin keçilməsinə mane olmaq istəyirdilər. Öz məkirli siyasətlərini həyata keçirərək insan haqları, siyasi məhbus bəhanələrini gündəmə gətirməyə çalışsalar da, heç bir cəhdlər alınmadı.

İstər Fransa, istər Almaniya və ya bu kimi digər dövlətlər çalışırdılar ki, bu proseslərdən öz xeyirləri üçün nələrisə əldə etsinlər. Sammitdə çıxış edən dünya liderlərinin də qeyd etdiyi kimi, bu proseslərdə Azərbaycan öndə gedən dövlətlərdən biridir. Qoşulmama Hərəkatının üzvləri və digər dövlətlər birmənalı şəkildə Azərbaycanın bu addımlarını dəstəklədilər. Bunu tədbirin açılışında ölkə başçısı İlham Əliyev də qeyd etmişdir” – deyə deputat bildirib.

A.Nağıyev qeyd edib ki, tədbirin əsasə məqsədi dünyada havanın temperaturunun azaldılmasında çox ciddi dəyişikliklərin əldə edilməsi idi: “Əlbəttə, Azərbaycan bu məsələdə daima dəstək verməkdə maraqlı idi. Düşmən dövlətlərin bu sammitə qatılmaması isə Azərbaycan üçün bir o qədər önəm daşımadı. Təəssüf hissi ilə qeyd edim ki, özlərini siyasətçi adlandıran bəzi şəxslər bu konfransda iştirak etməkdən qaçdı. Əlbəttə, bu, bizə maraqlı deyildi. Bizim marağımız BMT-nin ən yüksək səviyyəli tədbirinin məhz Azərbaycanda baş tutması idi.

Bəziləri Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşsalar da, nəyə qadir olduğumuzu biz bir daha sübut etdik. Bu düşüncələrdə olan hər kəs yanıldı və bir daha başa düşdülər ki, Azərbaycan təkcə ev sahibliyi ilə deyil, eyni zamanda təşkilatçılıqdada irəlidədir.

Azərbaycan hər kəsə göstərdi ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili, xarici siyasət müstəqil və davamlıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, COP29 Azərbaycan iqlim diplomatiyasında həlledici mövqəyə malik olmasını göstərən bir tədbir idi.

“Dinamik inkişaf edən ölkə olaraq Azərbaycan COP29-un təşkilinə böyük önəm verdi. Düşünürəm ki, indi bu, xarici siyasətin prioritetinə çevrilməklə qalmır, həm də bütövlükdə beynəlxalq münasibətlərlə təmsil olunan faktorların daha çox məşğul olacağı bir sahə iqlim sahəsidir. COP29 Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq, iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaq və iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi nailiyyətləri təqdim etmək baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda da Azərbaycan iqtisadiyyatının enerji daşıyıcılarına, xüsusilə yaşıl enerjiyə keçidinə mühüm töhfə olcaq”– deyə ekspert əlavə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov Gununsesi.info -ya açıqlamasında deyib ki, COP29 Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçirdiyi ən qlobal böyük tədbirdir:

 

“BMT-nin ən böyük qlobal layihəsi olan COP29-un Bakıda keçirilməsi, razılığı olan 200 ölkənin Azərbaycana olan inamının, etibarının və etimadının bariz nümunəsidir. 44 günlük Vətən Müharibəsində qələbəmiz, antiterror tədbirlərindən sonra ərazi bütovlüyümüzün tam bərpası, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti qlobal anlamda nüfuzunu daha da artırdı.

Azərbaycan bundan əvvəl də bir neçə böyük dünya səviyyəli tədbirlərə ev sahibliyi edərək, bariz nümunələr ortaya qoymuşdu. Əminəm ki, Bakı bir platforma kimi bu vaxta qədər təşkil olunan konfransların hazırlığına, təşkilinə görə uzun illər nümunə kimi yaddaşlarda qalacaq.

COP29 indiyə qədər müzakirə olunmayan, dünyanı düşündürən, qlobal təhlükəyə çevrilən məsələlərin müzakirə olunduğu, eyni zamanda olduqca vacib qərarların alındığı bir məkan kimi zəfərini yazmış oldu. Dövlət liderləri, həmçinin tədbirdə iştirak edən ölkə nümayəndələri paytaxtımızın gözəlliyinin, xalq olaraq mədəniyyətimizin, dəyərlərimizin, milli kulinariyamızın bir daha şahidi oldular. Bu da öz növbəsində nüfuzumuzun yüksəlməsinə yenidən təkan verdi”.

V.İskəndərov əlavə edib ki, başda Fransa, Kanada, Niderland və bu kimi dövlətlərlə yanaşı, bir çox ölkələr öz narahatlıqlarını açıq-aydın göstərdi: “Aydın məsələdir ki, biz bu halların baş verəcəyini əvvəlcədən bilirdik. Çünki COP29 başlamadan öncə bu qarayaxma kampaniyalarına artıq start verilmişdi. Həmçinin sammitin başlanğıcında da bu halların artması gözlənirdi və belə də oldu. Fransanın drijorluğu ilə xor oxuyan anti-Azərbaycan, anti-Türkiyə və bir çox fobiyalaşmış qara qüvvələr öz məqsədlərinə çata bilmədilər. Azərbaycanın gücü və qüdrəti bu məsələləri fiaskoya uğratdı”.

Deputatın fikrincə, COP 29 qlobal iqlim məsələləri sahəsində çox vacib qərarların qəbul edilməsi ilə yanaşı, bir çox məsələlərin icrası və müzakirəsi ilə gələcək dünyamızın daha sabit, stabil inkişafı üçün çox əvəzsiz rol oynayacaq:

“Bu sammit həm də müstəqil dövlətimizin dünya səviyyəsində artan nüfuzuna bir az da təkan verəcək. COP29-un təşkili ilə Azərbaycan bütün dünyaya öz gücünü, qüdrətini, həmçinin unikallığını göstərdi. Başda BMT-nin baş katibi olmaqla, dövlət və hökümət başçıları, eyni zamanda mütəxəssislər, ekspertlər COP29-un ən yüksək səviyyədə təşkilindən danışır. Ölkəmizə artan maraq indi daha çoxdur”.

“Əldə olunan bu nəalliyyətlər ölkəmizin gələcək inkişafında da özünü göstərəcək, nüfuzumuzun artmasına səbəb olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

 

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info