Özbəkistanda bu partiyanın fəaliyyəti dayandırıldı

  • By admin
  • 10 İyun 2024 09:30

Özbəkistanın Ali Məhkəməsi “Alqa, Qaraqalpaqıstan” müxalifət hərəkatını “ekstremist” təşkilat kimi tanıyaraq onun ölkə ərazisindəki fəaliyyətini qadağan edib.

Gununsesi.info bildirir ki, bu barədə xəbəri Memorial insan haqları mərkəzinin Mərkəzi Asiya üzrə direktoru Vitali Ponomaryov verib.

Hərəkatın X platformasında verilmiş məlumatda deyilir ki, Özbəkistanda “gizli məhkəmə” “Qaraqalpaqıstan demokratik partiyasını” ekstremist təşkilat kimi qadağan edib.

Ponomaryovun sözlərinə görə məhkəmə bu barədə qərarı hələ fevralın 22-də veribmiş, amma bu haqda yalnız mayın sonunda fəal Paraxat Musapbarov barəsində hökm elan edilərkən məlum olub.

Məhkəmənin qərarında deyilir ki, fəal guya “ekstremist təşkilatda” iştirak edib.

Hökmü verən hakim Ali Məhkəmənin “Alqa, Qaraqalpaqıstan” təşkilatını qadağan edən qərarına istinad edib.

Ponomaryov deyib ki, beləliklə Musapbarov ehtimalən “Alqa, Qaraqalpaqıstan” təşkilatının barəsində belə bir ittiham verilən ilk fəalı sayıla bilər.

İnsan haqları müdafiəçisinin sözlərinə görə prokurorluq sübut kimi müttəhimin öz etirafını təqdim edib. Lakin fəal məhkəmə iclasında özünə qarşı ittihamı rədd edib.

Cinayət təqibi

Ponomaryov ehtiyat etdiyni bildirir ki, gələcəkdə “Alqa, Qaraqalpaqıstan” təşkilatı ilə əlaqəsi olan sosial media və pabliklərdə iştirak Özbəkistan hakimiyyəti tərəfindən “qadağan olunmuş təşkilatda iştirak” kimi qiymətləndirilə bilər. Belə şəxslərin cinayət təqibi mümkündür.

Özbəkistan insan haqları müdafiəçiləri narahatdırlar ki, məhkəmənin “gizli” qərarı Qaraqalpaqıstan fəalları barəsində açılan cinayət işlərinin artmasına səbəb olacaq.

2023-cü ilin mayında Qaraqalpaqıstan Respublikasının məhkəməsi “Alqa, Qaraqalpaqıstan” təşkilatının başçısı Aman Sagidullayevi Nukus şəhərindəki etirazlara görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edib.

Sagidullayevdən başqa Qazaxıstandakı qaraqalpaq diasporasının nümayəndəsi Niyetbay Urazbayev də qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət lideri Aman Sagidullayev Qaraqalpaqıstanın Özbəkistandan ayrılması üçün çıxış edir.

O Özbəkistan xüsusi xidmətlərinin təqibinə görə Qırğızıstana köçməyə məcbur olub.

Sagidullayev oğurlanaraq Özbəkistana ekstradisiya ediləcəyindən çəkinərək 2016-cı ildə Norveçdən sığınacaq alıb və indiyədək orada yaşayır.

 

Günay Mahirqızı

Gununsesi.info