
Xalq artisti Canəli Əkbərovun evində vida mərasimi keçirilir.
Gununsesi.info xəbər verir ki, Xalq artisti ilə vida mərasimində yaxınları və sənət dostları iştirak edir.
Sənətkarı yola salmağa Əməkdar artistlər Yusif Mustafayev, Babək Niftəliyev, Elşad Qarayev, Zakir Əliyev və başqaları gəlib.
2021-ci ildə biz bir-birindən dəyərli sənətkarları itirdik. Amma bu, bir alın yazısıdır. Alın yazısından qaçmaq olmaz. Canəli Əkbərov həm sənəti ilə, həm də həyatda tutduğu mövqe ilə hamıya nümunəvi olan “Şöhrət” ordenli sənətkar idi.
Bu sözləri a Əməkdar artist Yusif Mustafayev Canəli Əkbərovla vida mərasimində deyib.
Y.Mustafayev qeyd edib ki, Canəli Əkbərovun səhhəti oğlunun vəfatından sonra pisləşib: “Övladını itirmişdi, valideynə bundan böyük dərd ola bilməz. Dərd onu üzdü. Allah ona qəni-qəni rəhmət etsin”.
Əməkdar artist Babək Niftiyev də ustad sənətkarla bağlı xatirələrini bölüşüb: “Canəli müəllimin ailəsi ilə daim əlaqə saxlayırdım. Pandemiya ilə əlaqədar evlərinə gedə bilmirdik, yaşlı insanların yanına gəlmək təhlükəli olur. Sonuncu dəfə müəllim və tələbə kimi dərdləşdik. Dedi ki, özünə və səsinə qulluq elə, gecə-gündüz çalış. Ustadın istədiyi o idi ki, tələbəsi öndə olsun. Uğurlarıma çox sevinirdi, efirdə görən kimi zəng edirdi ki, efirdə gördüm, çox gözəl oxudun, ya da məsləhət verirdi. Öyüd-nəsihətini daim eşidirdim. Onun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Allah ona rəhmət eləsin”
Qeyd edək ki, Canəli Əkbərov bu gün saat 14:00-da ll Fəxri Xiyabanda dəfn ediləcək.
Gununsesi.info