Dünya liderlərinə Master-klass örnəyi

İyulun 21-də başlayan və bir neçə gün davam edən Şuşa Qlobal Media Formu ölkə prezidenti cənab İlham Əliyevin informasiya mübarizəsində imza atdığı ən mühüm və təkrarsız uğurlarından biri kimi çağdaş dünya tarixinə həkk olundu.

Prezidentin Forumda “4-cü Sənaye İnqilabı Dövründə Yeni Media” mövzusunda çıxışı və Forumda iştirak edən Dünya Media Nəhənglərinin suallarına verdiyi cavablar heç şübhəsiz ki, müasir dünyamızda siyasətçilər, dövlət xadimləri və mediya üçün master-klass örnəyi oldu.

Dövlət başçısı böyük və geniş auditoriyada çox açıq və səmimi idi. İlk növbədə 44 günlük zəfərimizi şərtləndirən amillər, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin tarixi qələbəmizə verdiyi tövhələr, Türkiyənin Qlobal güc kimi özünü ifadə etməsi kimi aktual məsələlərin üzərində dayanaraq nitqini dərin məntiq və təkzib olunmaz arqumentlərlə əsaslandırdı.

Cənab prezidentin işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan ərazisi kimi tanıması həqiqətlərinin söyləməsi şübhəsiz ki, dövlətimizin və diplomatiyamızın gücü, silahlı qüvvələrimizin qəhrəmanlığı və vətənpərvərliyi ilə səciyyələnir.

Auditoriyanın diqqətinə çatdırıldı ki, uzun illər boyu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə biganə yanaşan, ikili standartlarla real təcavüz faktını malalamağa çalışan güc mərkəzlərinin və beynəlxalq təşkilatlarının riyakar yanaşmaları igid Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edildi. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına tarixin ibrət dərsini verdi və ədalət bərpa olundu.

Cənab İlham Əliyev dünyada və regionda gedən geosiyasi proseslər, qarşıdurmalar və dağıdıcı müharibələrin bəşəriyyətə verdiyi ağır nəticələrin dərin təhlili üzərində geniş dayanaraq, Azərbaycanın sülhsevər və tolerant ölkə kimi cəlbediciliyini önə çəkərək, regionda təhlükəsizliyin və əminamanlığın təminatçısı kimi oynadığı əhəmiyyətli rolun üzərində xüsusilə dayandı və haqlı olaraq Ermənistanın rəsmi şəkildə Azərbaycana qarşı ərazi iddialarından əl çəkmələrini, oyuncaq separatçıların gülüş doğuran hərəkətlərinə son qoymağın vacibliyini qeyd etdi.

Bu fikirlər mahiyyətcə ilk növbədə Ermənistana, separatçılara və onların himayədarlarına ünvanlanan sərt xəbərdarlıq kimi dəyərləndirməlidir.

Üç saatdan çox davam edən canlı təmasda dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı platformasında bəşəriyyətə, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli tövhələr ətrafında geniş dayandı.

Vətən müharibəsindən keçən zaman kəsiyində erməni vandallarının yerlə bir edildiyi Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin nəticələrinin və prespektivlərinin aydın mənzərəsini ortaya qoydu.

Şuşa Qlobal Media Formunun təşkili və keçirilməsi, Forumda cənab prezident İlham Əliyevin auditoriyanı heyrətə gətirən çıxışı, suallara diplomatik, qeyri-müəyyən cavablardan uzaq aydın, arqumentli və səmimi cavablar liderimizin növbəti uğurlarından biri kimi hər birimizdə qürur hissi doğurdu.

 

Fəzail Ağamalı

Millət vəkili, Ana Vətən Partiyasının sədri

Gununsesi.info