
BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclası başa çatıb.
Gununsesi.info xəbər verir ki, avqustun 16-da keçirilən iclasda Ermənistan və Azərbaycan nümayəndələrindən başqa ABŞ, Rusiya, Türkiyə və digər ölkələrin səfirləri də çıxış ediblər.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild Birləşmiş Ştatların Laçın dəhlizinin bağlanması ilə əlaqədar dərin narahatlığını ifadə edib.
Səfir çıxışında Azərbaycan hökumətini Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpasına çağırıb.
Xanım Tomas-Qrinfild eyni zamanda kommersiya və humanitar yüklərin Qarabağa çatdırılması üçün Laçın dəhlizinə alternativ başqa yollardan da istifadə üçün kompromisin mümkünlüyünü vurğulayıb.
ABŞ səfiri bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ötən dekabrdan bəri Laçın dəhlizi ilə tibbi müayinə və müalicəyə ehtiyacı olan 700-dən çox insanın transferini həyata keçirib.
ABŞ səfiri tərəfləri münaqişənin davamlı, dinc həlli üçün danışıqları davam etdirməyə çağırıb və vurğulayıb ki, regionda sülh Qarabağda yaşayan fərdlərin hüquq və təhlükəsizliyini də təmin etməlidir:
“Danışıqların davamlı sülh üçün həyati əhəmiyyəti var. Biz münaqişənin dinc həlli istiqamətində Ermənistan və Azərbaycan arasında istənilən formatda dialoqu dəstəkləyirik. Biz bütün tərəfləri, Bakı rəsmiləri və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında danışıqlar da daxil, birbaşa danışıqlara çağırırıq”.
Gununsesi.info