Azərbaycan XİN-dən ATƏT sədrinə cavab

“Laçın sərhəd-keçid məntəqəsindən hər gün hər iki istiqamətdə onlarla erməni əsilli Azərbaycan sakini keçir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” (tviter) sosial şəbəkəsində yazıb.

O, Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin tviter paylaşımına cavab verib.

“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə sərbəst keçid anlayışı yoxdur. Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər”, – deyə Hacızadə qeyd edib.
Xatırladaq ki, Buyar Osmani yerlərdəki vəziyyətlə tanış olmaq üçün şəxsi nümayəndəsinə Laçın rayonuna getmək tapşırığı verib.

 

Gununsesi.info