BMT Təhlükəsizlik Şurasından Kıbrıs QƏRARI: Türkiyə və KKTC etiraz etdi

Ankara BMT-nin Kıbrısdakı Sülhməramlı Qüvvələrinin (UNFICYP) mandatının KKTC-nin razılığı olmadan daha bir il uzadılması ilə bağlı Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) mövqeyini dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

“BMT-nin qurulmuş praktikasına zidd olaraq, bu dəfə Sülhməramlı Qüvvələrin mandatının uzadılması zamanı Kıbrıs türklərinin razılığı alınmadı. Nəzərə alın ki, UNFICYP öz səlahiyyətli orqanlarının xoşməramlılığı sayəsində KKTC ərazisində fəaliyyətini davam etdirə bilir””, – deyə qeyd edilib.

XİN UNFICYP-nin fəaliyyətinin davam etdirilməsi üçün hüquqi bazanın olmasının zəruriliyini vurğulayıb. Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın KKTC-nin bununla bağlı atacağı addımları tam dəstəkləyəcəyini vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi xatırladıb ki, UNFICYP adadakı fəaliyyəti zamanı Kipr yunanları tərəfindən bufer zonasının çoxsaylı pozuntularına “göz yumub”. XİN əlavə edib ki, 2023-cü ilin avqustunda KKTC-də Pile-Yiğitlər yolunun tikintisinin qarşısını almaq üçün UNFICYP personalının əsassız cəhdlərinin əlavə edilməsi bu strukturun sülhməramlı missiyalardan gözlənilən qərəzsizliyi qoruya bilmədiyini bir daha nümayiş etdirib.

“BMT Təhlükəsizlik Şurasının son qətnaməsində (UNFICYP missiyasının uzadılması ilə bağlı – red.) sözügedən hadisə ilə bağlı Təhlükəsizlik Şurasının 21 avqust tarixli bəyanatına istinad edilməsi təəssüf doğurur ki, bu da yerdəki reallıqlardan tamamilə uzaqdır. Pile-Yiğitlər yolunun tamamlanması Kipr türklərinin UNFICYP-ə zədələnmiş inamının bərpası istiqamətində təsirli bir addım olacaq və yerdəki gərginliyin azaldılmasına kömək edəcək”, – deyə məlumatda bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını Kıbrısda ədalətli, qalıcı və davamlı həllin yalnız yerdəki reallıqlar əsasında əldə edilə biləcəyini tanımağa çağırıb.

Nazirlik Ankaranın BMT Təhlükəsizlik Şurasına və beynəlxalq ictimaiyyətə KKTC-ni tanımağa çağırışını təkrarlayıb.

Bundan əvvəl Quzey Kıbrıs Türk Cümhuriyyəti BMT Təhlükəsizlik Şurasının UNFICYP missiyasının müddətinin uzadılması ilə bağlı onun təsdiqi olmadan qəbul etdiyi qətnaməni rədd edib. “Biz Kıbrıs türk tərəfinin iradəsini və varlığını göz ardı edən bu yanaşmanı rədd edirik”, – KKTC-nin Xarici İşlər Nazirliyi bildirib.

Gununsesi.info