Rusiya KİV: İl-76 təyyarəsi “Patriot” hava hücumundan müdafiə sistemi ilə vurulub

Göyərtəsində 74 nəfər olan Rusiyanın İl-76 təyyarəsi “Western Patriot” zenit-raket kompleksindən (SAM) istifadə edilməklə vurulub.

Gununsesi.info-nun məlumatına görə, TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

“Çox güman ki, “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə olunub. Ekspertiza davam edir”, – agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, yanvarın 24-də göyərtəsində 74 nəfərin olduğu Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Rusiya Belqorod vilayətində qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindən zenit-raket kompleksindən istifadə etməklə Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsini vurub.

Təyyarənin göyərtəsində altı ekipaj üzvü, mübadilə üçün 65 Ukrayna hərbçisi və onları müşayiət edən üç Rusiya hərbçisi olub. Nazirliyin yanvarın 24-də yaydığı məlumatda bildirilir ki, ekipaj və təyyarənin bütün sərnişinləri həlak olub.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl deyib ki, Kiyev Belqorod yaxınlığında Rusiya hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırma aparılmasında israrlı olacaq.

Öz növbəsində, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, vurulan Rusiya təyyarəsinin göyərtəsində kimin olması barədə hələlik etibarlı məlumat yoxdur.

Baş Kəşfiyyat İdarəsi vurğulayıb ki, Ukrayna öz növbəsində mübadilə hazırlamaq üçün bütün razılaşmaları yerinə yetirib, Rusiya tərəfindən əsir götürülən hərbi qulluqçular vaxtlı-vaxtında mübadilə üçün razılaşdırılmış məntəqəyə, təhlükəsiz olduqları yerə çatdırılıb.

Gununsesi.info