
Livanlı jurnalistlər ölkənin cənubundakı Əl-Hərdali vadisində İsrail atəşindən möcüzəvi şəkildə xilas olublar.
Gununsesi.info xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail aviasiyası Livan ordusunun və BMT-nin Müvəqqəti Sülhməramlı Missiyasının (UNIFIL) nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı əraziyə üç dəfə hücum edib.
Təyyarə mərmilərindən biri NNA müxbiri Alina Samana da daxil olmaqla jurnalistlərin olduğu hərəkət edən avtomobilin yaxınlığında partlayıb.
“Hizbullah” ilə əlaqələri ilə tanınan Beyrutda yerləşən “Əl-Manar” telekanalının saytı xəbər verir ki, hücum zamanı telekanalın çəkiliş qrupu da ərazidə olub.
“Əl-Manar”ın operatoru Xizyr Markiz yüngül xəsarət alıb və Mercayun rayon xəstəxanasına yerləşdirilib.
Livan ordusu vətəndaşların təhlükəsizliyi üçün hər iki istiqamətdə yolda nəqliyyatın hərəkətini kəsib.
Jurnalistlərin Əl-Hərdali vadisində maşınla gedərkən lentə aldığı videoda mərminin düz yolun ortasına düşərək partladığı görünür.
Daha əvvəl bildirilmişdi ki, İsrailin oktyabrın 8-dən Livanın cənubunda həyata keçirdiyi hücumlar nəticəsində üçü jurnalist olmaqla 26 mülki şəxs həlak olub.
Bundan əlavə, toqquşmalar nəticəsində 122 Hizbullah üsyançısı, İsrail tərəfində isə 5 mülki şəxs və 7 hərbçi öldürülüb.
Gununsesi.info