“Bəzi müğənnilərin vicdanı yoxdur” -Cığatel İsaqızı

“Vicdanı olan insan öz yerini və imkanlarını düzgün dəyərləndirməlidir. Vicdanlı insan istər müğənni, istər aktrisa, istərsə də başqa bir sahənin nümayəndəsi olsun, bacarmadığı işi zorla etməyə çalışmır. Vicdanı olan anlayır ki, səsi yoxdursa, bu sənət onun üçün deyil və gedib öz işi ilə məşğul olur”.

Gununsesi.info bildirir ki, şairə Cığatel İsaqızı qonaq olduğu “Söhbət var” verilişində deyib:

“Təəssüf ki, bəzi müğənnilərin vicdanı yoxdur və onlar müasir dövrdə istifadə olunan xüsusi aparatların, eləcə də süni intellektin köməyi ilə səslərini süni şəkildə gözəlləşdirirlər. Bu, tamaşaçını aldatmaqdır və ən böyük vicdansızlıqlardan biridir.

Bir dəfə bir xanım mənə yaxınlaşaraq şair olmaq istədiyini dedi. Xanım dedi ki, atam  çox imkanlı biridir, kitab çıxarmaq və tanınmaq üçün hər cür dəstək verə bilər. Əsas odur ki, mən tanınım. Sizdən yalnız şeirlərin düzəldilməsini istəyirəm. Əlbəttə mən buna razı olmadım.

Dedim ki, mən sənə gündəlik həyatda kömək edə bilərəm, amma səni şair kimi təqdim edə bilmərəm. İnsan öz işinin arxasınca getməlidir”, – deyə Cığatel İsaqızı vurğulayıb.

O əlavə edib ki, bacarığı olmayan insanın sənətə zorla gəlişi sənətə edilən böyük haqsızlıqdır.

 

Şəbnəm

Gununsesi.info