
Bakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. Onların vəziyyəti hazırda orta ağırdır.
Hadisə nəticəsində xəsarət alan 1 nəfər isə (kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.
Qeyd edək ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.
12:52
Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.
Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.
O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib:
“Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar”.
Qeyd edək ki, E.Rüstəmov həm də idman jurnalisti idi. O, “Neftçi TV”də şərhçi kimi çalışıb.
10:16
Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.
Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.