
Bu gün ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə dair qərardan apellyasiya şikayəti verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Aqil Layic bildirib.
Vəkilin sözlərinə görə, bu gün o, istintaq təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb:
“Bəxtiyar Hacıyevlə görüşdüm. Saxlanma şəraitindən və ona qarşı rəftardan şikayətçi deyil. Hər kəsə salam deyirdi.
Yeri gəlmişkən, bəzi mətbuat orqanları Bəxtiyarın Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə təqsirləndirildiyini qeyd edir. Bu səhvdir, ona qarşı bu maddənin 221.1-ci hissəsilə istintaqa cəlb etmə mövcuddur. Təcrübəmə əsasən deyə bilərəm ki, o bu maddə ilə haqqında həbs qərarı verilən ilk adamdır. O, cinayət törətməyib, əksinə zərərçəkəndir..”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 gün müddətinə həbs qətiimkan tədbiri seçib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, onun saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
Gununsesi.info