AzMİU-da karyera sərgisi keçiriləcək

Tələbə və məzunlarımızın ixtisaslarına uyğun işlə təmin olunmasına dəstək məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) karyera sərgisinin keçirilməsi artıq ənənəyə çevrilib. Mayın 16-da keçiriləcək builki sərgidə daha çox müəssisə və təşkilatın iştirakı gözlənilir.

Gununsesi.info xəbər verir ki,  AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev bu barədə məlumat verib. Onun sözlərinə görə, karyera sərgisində 80-dək dövlət və özəl müəssisə iştirak edəcək. Sərgidə inşaat, memarlıq, nəqliyyat, bank işi, neft-qaz, maliyyə, energetika, satış və marketinq, su resursları, kənd təsərrüfatı sektorlarında iş vakansiyaları, təcrübə proqramları tələbə və məzunlara təqdim olunacaq. Onlar birbaşa həmin müəssisələrin səlahiyyətli nümayəndələri ilə ünsiyyətdə olacaq, maraqlandıqları vakansiyalar barədə ətraflı məlumat əldə edə biləcəklər.

X.Qəniyev qeyd edib ki, bu il xüsusilə böyük müəssisələrin sayında əvvəlki sərgilərlə müqayisədə artım müşahidə olunur. Builki sərgidə Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Bakı Metropoliteni” QSC, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azəristiliktəchizat” ASC, PAŞA İnşaat, “Veysəloğlu” MMC, “AzerGold” QSC, SOCAR, “PROYAPI” Mühəndislik və Müşavirlik Şirkəti, “Holcim Azərbaycan”, “PMD Projects” MMC, “Kristal Abşeron” MTK kimi tanınmış müəssisələr iş və təcrübə imkanlarını təklif edəcəklər.

Gununsesi.info