Xəbər verdiyimiz kimi, Milli Məclisdə 24 noyabr 2026-cı il tarixində “Maraqlar toqquşması haqqında” qanun qəbul edilib.
Maraqlıdır, müzakirələrə səbəb olan qanunun mahiyyəti nədən ibarətdir?
Belə ki, “Maraqlar toqquşması haqqında” Qanun dövlət idarəçiliyində korrupsiyanın, vəzifədən şəxsi maraqlar naminə istifadənin və qohumbazlığın qarşısını almaq üçün qəbul edilmiş qanundur.
Sadə dillə desək, qanunun əsas məqsədi budu ki, vəzifəli şəxs dövlət adından qərar verərkən özünün, ailəsinin, qohumlarının və ya yaxınlarının şəxsi maraqlarını dövlət maraqlarından üstün tuta bilməz.
Məsələn, məmur işlədiyi qurumda tender keçirir və tenderdə öz qohumunun şirkəti iştirak edir. Dövlət qurumunun rəhbəri vəzifəsindən istifadə edərək ailə üzvünün biznesinə üstünlük qazandırır. Vəzifəli şəxs dövlət qərarına təsir göstərərək özünə və ya yaxınlarına maddi fayda təmin edir.
Bunlar maraqlar toqquşmasına aid ola biləcək hallardır.
Gununesi.info xəbər verir ki, qəbul edilən qərarla bağlı hüquqşünas Əkrəm Həsənov danışıb.
O bildirib ki, qanun vəzifəli şəxslər üçün müxtəlif məhdudiyyətlər müəyyən edir, amma işlək olmayacaq.
“Çünki 2005-ci ildə qəbul olunmuş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında” Qanun 21 ildir ki, tətbiq olunmur. Səbəb də sadədir: Nazirlər Kabineti məmurların təqdim etməli olduqları gəlir bəyannaməsinin formasını təsdiq etmir. Gəlirləri haqda bəyannamə verməyən məmura nə qədər istəyirsən məhdudiyyət tətbiq et, faydası yoxdur. Çünki bütün biznesini yaxınları vasitəsilə həyata keçirəcək, vəssalam. Ondan soruşa da bilməyəcəksən ki, özünün və ailənin hansı qazanc hesabına lüks həyat tərzi sürürsünüz. Uzaqbaşı deyəcək ki, “babamdan qalıb”. Deyə də bilər ki, sənə nə dəxli, gəlir bəyannaməsi tələbi varmı məgər?”,- deyə o, həmçinin qeyd edib.
Elmar
Gununesi.info












