
Dubay haqda ilk təəssüratlarımı bölüşüm. Öncəliklə onu qeyd edim ki, heç bu qədər nəhəng şəhər gözləmirdim.
Təsəvvürünüz yaranmağı üçün belə izah edim: Berlin+Paris, bir dənə də Bakı. Birləşdirin. Dubay bax bu boydadır. Sırf şəhər hissəsi. Səhranı saymadan.
Yaşayış binaları əsasən 5-6 mərtəbəlidir. Şəhərdə 3.5 milyon əhali yaşayır. Təxminən 7 milyon da miqrant var. Küçədə, restoranda, hansısa iş yerində ərəb görmək mümkünsüzdür. Tamamı miqrantlardır. İş yükü tamamilə onlardadır.
Yerli ərəbləri ancaq axşam bahalı mallarda brend geyimlər alanda görmək olur. Bir də maşınla keçəndə nömrədən. O da, ancaq nisbətən kasıblarını.
Maşın nömrələri burada mənsub olduğun sosial təbəqəni göstərir. Miqrantlarda 5 rəqəmli nömrəli maşınlardır. Yerli kasıblarda 4 rəqəmli(Range Rover falan görmüşük ancaq 4 nömrə). Zənginlər 3. Kral ailəsinə yaxın şəxslərdə 2. Kral ailəsi üzvləri isə 1.
Dubay vətəndaşı kasıb ola bilməz. Ümumiyyətlə mümkün deyil. Nə eləsə də ola bilməz. Sistem elə qurulub.
Amma miqrantlar da kifayət qədər normal yaşayırlar. Metroda, avtoubusda rahatlıqla brend geyimlər görmək mümkündür. Hamının əlində son model iPhone.
İctimai nəqliyyat, metro sistemi və yollar sadəcə möhtəşəmdir! Avtobuslar saat kimi işləyir.
Neft cənnəti söhbəti keçmişdə qalıb. İndi Dubay sənaye və ticarət cənnətidir. Dünyanın az qala bütün nəhəng brendlərinin istehsal fabrikləri, zavodları var ölkədə. Yerli investisiya da kifayət qədər elmtutumlu sahələrə yönəlməkdədir.
Market qiymətləri bizdən azca bahadı. O da ona görə ki, ölkədə kənd təsərrüfatı və qida istehsalı yox səviyyəsindədir. Hər şey xaricdən gəlir. Su belə. Və diqqətimi o çəkdi ki, suyu xaricdən alan Dubayda marketdə 1.5l su 1 dirhəmdir(46 qəpik).
Restoranlar baha deyil. Hətta ucuzdur. Əksər restoranlarda 4-5 dollara əməlli yemək yeyə bilərsiz. Day NusrEt-ə gedib bir steykə azı 500 dollar verməsəz də.
P.S. Hələlik bu qədər. Davamı olacaq…
İlkin Rüstəmzadə