Avropada etirazlar: Fransız fermerlər Parisi “mühasirəyə aldılar”

Avropanın bir çox ölkəsində fermerlərin etirazları davam edir. Fransada fermerlər hökumətin kənd təsərrüfatı siyasətinə etiraz olaraq “Paris mühasirəsi” aksiyası təşkil ediblər.

Gununsesi.info xəbər verir ki, Almaniya, Polşa, Belçika və Hollandiyanın ardınca Fransada da fermerlərin etirazları günlərlə davam edir. Fransa hökumətinin kənd təsərrüfatı sektorunda atdığı addımları qeyri-kafi görən ölkənin müxtəlif bölgələrindən birləşmiş fermerlər dünən axşamdan traktorları ilə Parisə doğru hərəkətə başlayıblar.

Həmkarlar ittifaqlarının çağırışı ilə “Paris mühasirəsi” aksiyası təşkil edən fermerlər paytaxta gedən yollarda traktorları ilə uzun növbələr yaradıblar.

Parisin giriş-çıxış yollarına 15 minə yaxın polisin ayrıldığı bildirilib.

Ölkə daxilində 21 fərqli nöqtədə keçirilən etiraz aksiyalarında 2 minə yaxın fermer iştirak edərkən, 25 yerdə 1200-dən çox kənd təsərrüfatı maşını və yollar nəqliyyata bağlanıb.

Fermerlərin hərəkəti A1, A4, A5, A6, A12, A13, A15 və A16 avtomobil yollarında nəqliyyatın hərəkətinə mane olub.

“Paris mühasirəsi” aksiyasının diqqət mərkəzində olan “Rungis Market”in girişində helikopterlərin havadan dəstəyi ilə sıx təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, Paris Polis Departamenti pilotsuz təyyarələrlə aksiyadan görüntülərin çəkilməsinə icazə verən fərmanın imzalandığını açıqlayıb.

Gununsesi.info