Avropa İttifaqı rəsmisindən Netanyahuya sərt REAKSİYA: “Məqsədiniz hamısını öldürməkdir?”

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İsrailin baş naziri Benyamin Netanyahunun iki dövlətli həllə qarşı olduğu açıqlamasına cavab verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Borrell Aİ xarici işlər nazirlərinin Yaxın Şərqdə iki dövlətli həlli müzakirə edəcəkləri iclasdan öncə mətbuata verdiyi açıqlamada bildirib.

Borrell Qəzzada günü-gündən pisləşən humanitar vəziyyətə diqqət çəkib.

“Qəzzada humanitar vəziyyət bundan pis ola bilməz. Vəziyyətin nə qədər pis olduğunu ifadə etmək üçün söz yoxdur. Yüz minlərlə insanın sığınacağı, qidası, dərmanı yoxdur və raket zərbələri altındadır”, – deyə o bildirib.

Aİ rəsmisi Qəzzada hər gün öldürülən mülki vətəndaşların sayının çox yüksək olduğunu vurğulayıb.

Borrell İsrailin HƏMAS-ı “məhv etmə” metodunun doğru yol olmadığını və tətbiq etdiyi üsulla “nəsillər boyu davam edəcək nifrət toxumu səpdiyini” qeyd edib.

Aİ xarici işlər nazirləri toplantısının əsas gündəmi olan “iki dövlətli həll” ilə bağlı dəyərləndirmələr edən Borrell, “Bundan sonra sülh prosesi haqqında danışmağı dayandırmalı və iki dövlətli həll haqqında daha konkret danışmağa başlamalıyıq” deyib.

Borrell İsrailin “iki dövlətli həll”ə qarşı çıxmasını “qəbuledilməz” hesab edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreslə razılaşdığını qeyd edib. “Çözüm nədir? Fələstinliləri Qəzzadan çıxarmaq və ya hamısını öldürmək? Hazırda 25 min nəfər ölən var”, – deyə o bildirib.

Borrell deyib ki, iki dövlətli həll prinsipində irəliləyişə nail olmaq üçün ərəb ölkələri ilə əməkdaşlıq lazımdır.

İclasda Qəzzaya humanitar yardım axınının artırılmasını da müzakirə edəcəklərini bildirən Borrell cari yardım axınının fələstinlilərin sağ qalmasını təmin edəcək səviyyədə olmadığı barədə xəbərdarlıq edib.

BMT-nin baş katibi Quterreş yanvarın 20-də Uqandanın paytaxtı Kampalada keçirilən Qoşulmama Hərəkatı Forumunda İsrail hökumətinin iki dövlətli həlli rədd etməsini tənqid edib.

Quterreş bildirib ki, iki dövlətli həlldən imtina “qlobal sülh və təhlükəsizliyə əsas təhdid halına gələn münaqişənin qeyri-müəyyən müddətə uzadılması” demək olacaq və bu həm də qütbləşməni gücləndirəcək və hər yerdə ekstremistləri təşviq edəcək.

Yaxın Şərqdə iki dövlətli həll gündəmi ilə Belçikanın paytaxtı Brüsseldə bir araya gələn Aİ xarici işlər nazirləri İsrail, Fələstin, Misir, İordaniya və Səudiyyə Ərəbistanından olan həmkarları və Ərəb Liqasının baş katibi ilə də görüşlər keçirəcək.

Gununsesi.info