
Ali məktəblərə builki tələbə qəbulunda 2 yenilik gözlənilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, bu yeniliklərdən birincisi abituriyentlərin seçim edə biləcəyi ali təhsil müəssisələrinin siyahısında Türkiyə -Azərbaycan Universiteti olmasıdır.
“Əsasən, texnoloji ixtisasların ola biləcəyi açıqlanıb. Bu universitetin hansı ali təhsil müəssisəsi bazasında yerləşəcəyi, yoxsa ayrıca infrastruktura malik olması haqqında hələlik rəsmi açıqlama yoxdur”, – deyə o əlavə edib.

İkinci yenilik barədə danışan Osman Gündüz bildirib ki, cari ilin qəbul planında, bəzi universitetlər üzrə əyani və qiyabi ilə yanaşı, distant formada təhsil üçün plan yerlərinin də ayrılacağı gözlənilir:
“Hələlik isə qanunvericilikdə bu təhsil forması nəzərdə tutulsa da, distant formada təhsilin təşkili qaydalarını hökumət təsdiqləməyib.
Bu il UNEC və Qarabağ Universiteti üçün bəzi ixtisaslar üzrə distant təhsil formasında plan yerləri ayrıla bilər”.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb.Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Gununsesi.info