
Gununsesi.info bildirir ki, Rail Rzayev 1945-ci il mart ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində daxil olub. Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilmişdir. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində çalışıb.
1975-ci ildə Rail Rzayev SSRİ-nin Marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra “N” hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlayıb. O, 1980–1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutmuşdur. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılıb.
1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlamışdır. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi vəzifəsinə təyin olunub. Rail Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb.
Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələrini alıb.
Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 2004-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə ona general-leytenant hərbi rütbəsi verilib.
Rail Rzayev 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülmüşdür.
Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Gununsesi.info