
ABŞ Dövlət Departamenti Küveyt, Səudiyyə Ərəbistanı və Misirə 4 milyard dollarlıq silah satışını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyi ümumi dəyəri 4 milyard 859 milyon 500 min dollar olan razılaşmanı Konqresə təqdim edib.
Küveyt ilə bağlı verilən açıqlamada bu ölkəyə 8 yeni “AH-64E Apaçi” helikopterinin satışına razılıq verildiyi bildirilib. Satış paketində Küveytdəki 16 ədəd “AH-64D Apaçi” tipli helikopterin AH-64E versiyasına yüksəldilməsi yer alıb.
Paketdə ehtiyat motor və bir çox dəstək avadanlığının da yer aldığı bildirilib. Bu satışın ümumi xərci 4 milyard 200 milyon dollardır.
Küveytə, eyni zamanda, 200 milyon dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sisteminin “PAC-3+”konfiqurasiyasına aid bir çox ehtiyat hissəsinin satışına da razılıq verilib.
Agentliyin Səudiyyə Ərəbistanı ilə bağlı açıqlamasında isə qırıcı təyyarələrdə istifadə üçün 3 min ədəd “GBU-39 SDB I” tipli kiçik ölçülü raket sursatlarının satışının təsdiqləndiyi qeyd olunub.
Açıqlamanın Misirlə bağlı hissəsində prezident təyyarəsi üçün 104 milyon dollar dəyərində 1 ədəd infraqırmızı şüalara qarşı sistem satıldığı vurğulanıb.
Gununsesi.info