
“Dekabrın 14-dən SMS-icazə sistemi yenidən işə düşəcək. Fikrimcə, əhalinin yaşayış yerlərini tərk etməsini qadağan edən qərarda yumşalma istiqamətində dəyişiklik aparılmalıdır. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah sərt karantin rejiminin tətbiq olunduğu dövrdə ölüm statistikasında əmələ gəlmiş kəskin say fərqini səbəb-nəticə əlaqələri kontekstindən təhlil etməli və bunu qəbul etdiyi qərarlarda mütləq nəzərə almalıdır”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı alim Nemət Əliyev söyləyib.
O, daha sonra deyib:
“Nəzərə almalıdır ki, SMS-icazə sisteminin tətbiq olunduğu iyul ayında ölkədə ümumi ölüm sayı may ayı ilə müqayisədə 49 faizdən çox artıb (mayda 4294 nəfər, iyulda 6410 nəfər həyatını itirib). Lakin SMS-icazə sisteminin işləmədiyi sentyabr ayında bu göstərici 30 faizə yaxın azalıb (sentyabrda ölüm sayı 4520 nəfər olub). Fikir verirsinizmi, 49 faiz yüksəliş 30 faiz enişlə əvəzlənib. Bu tendensiya koronavirus səbəbindən ölənlərin sayında da qeydə alınıb: koronadan ölənlərin sayı iyulda 6 dəfə artıbsa, sentyabrda 4 dəfə düşüb (39-235-57). Dövrlər arasındakı bu kəskin fərqlər hökmən diqqət mərkəzində tutulmalıdır. SMS-icazə sisteminin bütün gücü ilə işlədiyi bir dövrdə ölüm statistikasında əmələ gəlmiş dəhşətli mənzərə gözardı edilə bilməz və edilməməlidir.
Zənnimcə, yaşayış yerlərindən 50 və ya 100 metr radiusda sərbəst hərəkətə icazə verilməlidir. Bir sıra xəstəliklərdən, xüsusən də ürək-damar xəstəliklərindən əziyyət çəkən xeyli yaşlı insan var ki, açıq havada gəzmək, hərəkət etmək onlara hava-su qədər vacibdir. Şəhərin hündürmərtəbəli binalarında bütün gün ərzində hərəkətsiz vəziyyətdə qalmağın olduqca çətin olması halı nəzərə alınmalıdır. Belə şəraitdə heç yeniyetmələri, gəncləri də bir yerdə tutub saxlamaq asan məsələ deyil. 50-100 metr radiusda sərbəst hərəkətin təmin edilməsi gündəlik ərzaq ehtiyaclarının qarşılanması üçün yaşayış binalarının aşağısında, yaxud da yaxınlığında yerləşən marketlərdən alış-veriş imkanı da yaradar və hər xırda məsələyə görə SMS göndərməyə də ehtiyac qalmaz. Nisbi yumşalmanın təmin edilməsi bir sıra mənasız bəhanələri də aradan götürər. Yasamalda həyata keçirilən “zibil” əməliyyatı”nı və yüzlərlə polisin bu əməliyyata cəlb olunmasını doğuran bəhanə bu gün də gülüş və hiddət doğurmaqdadır. Odur ki, Operativ Qərargahın bu gerçəkləri nəzərə alması çox əhəmiyyətli olardı”.
Günay
Gununsesi.info