
Bismilləhir-Rahmənir-Rahim!
Şərəfli və tarixi günləri yaşamaqdayıq. Müzəffər ordumuzun böyük şücaət və rəşadəti sayəsində xalqımız hər gün cəbhədən gələn yeni qələbə xəbərləri ilə sevinməkdə, Qarabağımız düşməndən azad olmaqdadır. Allahdan ordumuza, xalqımıza daha da böyük qələbələr nəsib etməsini diləyirik.
Dünyaya vurğunluq insanın qəlbini kor edər
Ötən bəhsimizdə hər zaman üçün, xüsusilə zamanımızda mühüm əhəmiyyət kəsb edən mövzuya – bəsirət mövzusuna toxunduq. İstərdik ki, bu bəhsimizdə də həmin mövzunu davam etdirək.
Ötən bəhsimizdə bəsirətin önəminə, bəsirətsizliyin yol açdığı fəsadlara, müsibətlərə toxunduq. Bəs bəsirətsizliyə səbəb olan amillər hansılardır? Bəsirətli olmaq üçün, furqan əldə etmək üçün, haqq ilə batili ayırmaq üçün təqvalı olmaq lazımdır. Toxunduq buna ki, Qurani-Kərim bizləri xəbərdar edir ki, əgər təqvalı olsaq, Allah bizə haqq ilə batili ayırd etmək üçün bir hal, ruhiyyə nəsib edər. İnsanın daxilində haqq ilə batili ayırd edən bəsirət, furqan yaranar.
Amma nələrdir ki, səbəb olur, insanı bəsirətliliyə aparan bu təqva yoluna gedib çıxa bilmir? İnsana bu yolda nə mane olur? İnsanın bəsirətsizliyini yaradan hansı amillərdir?
Bu baxımdan 3 mühüm amili insanşünaslar, İslam alimləri göstərirlər.
Burada ən aparıcı xətt – dünya vurğunluğudur. Dünya özü-özlüyündə bir nemətdir ki, biz burada doğru əkək və inşəallah, Qiyamətdə biçək. Dünya bir tarladır – Allah bir nemət olaraq verib. Amma, o an ki, insan dünyanı vasitə deyil, hədəfə çevirir, o an ki, dünyanı axirət üçün bir məkanda deyil, davamlı və qalıcı bir şey kimi görməyə başlayır – o zaman insanı dünya vurğunluğu bürüyür. Bu zaman dünya nemət olmaqdan çıxır.
Nemətin şükrünü yerinə yetirmək lazımdır. İnsan nə zaman nemətin şükrünü yerinə yetirə bilir? O zaman ki, neməti verən o nemətlə necə davranmanı istəyirsə, o cür davranır. Amma elə ki, insan nemətlə öz həvayi-nəfsinə, şeytanın (lən) vəsvəsələrinə uyğun davranır – bu zaman nemət onun üçün məhvolma mövzusuna çevrilir. Bu mənada insanı bəsirətsizliyə aparan ən ciddi amillərdən biri – dünya vurğunluğu, dünyapərəstlik, dünyaya kölə olmaq, dünyanın mövzularına bağlanmaqdır. Həzrət İmam Səccad (ə) buyurur: “Dünya vurğunluğu – bütün günahların və xətaların başıdır”. Bütün xəta və günahlar dünya vurğunluğundan başlayır.
Qəlbin qəsavət basması
İnsanı bəsirətsizliyə aparan digər bir amil – qəlbin günahlardan, xətalardan qəsavət bağlamasıdır.Əslində bu, bir günə baş vermir. Əvvəl kiçik xəta baş verir. İnsan toparlanıb onu həll etməsə, üstünə bir başqası gələcək. Əgər narahat olub vəziyyətini yerbəyer etməsə, üstünə bir qədər də gələcək. Sonra bunlar o qədər artır ki, artıq özünə toxtaqlıq verir ki, onsuz da digər günah və xətaları edir, bir az və ya bir çox fərq etməz.
İnsan bəzən elə bilir ki, bir günah və ya xəta edəndə, başına göydən bir daş düşəcək. Halbuki, bura cəza yeri deyil. Sözsüz ki, insan burada da öz əməllərin nəticələrini yetərincə görür. Ən böyük cəza elə əslində budur ki, insan xəta edir, fərqinə varmır, davam edir.
Bundan böyük müsibət ola bilməz. Xırda xətalar və laqeydlik əslində böyük günahların zəminini yaradır. Qəlb ki, Allah üçün yaranmışdı, həmin qəlb Allahdan başqa hər şey üçün istifadə olunur. Bu zaman həmin qəlbdə İlahi heç bir şey qalmır və qəlb qəsavət basır. Qəsavət basmış qəlb heç cür bəsirətə aparıb çıxarmağa imkan vermir. İmam Sadiq (ə) buyurur: “Qəlb – Allahın hərəmidir. Belə isə Allahdan başqa ora heç nə buraxma”.
Elə ki, qəlbə Allahdan başqa nələrsə buraxıldı, yavaş-yavaş öz yerlərini bərkidərlər, artıq o qəlbdə İlahi heç bir şey qalmaz – qəlb bərkiyər, qəsavət basar.
Dünyanın özü-özlüyündə mahiyyəti nədir?
İnsanın bəsirətsizliyinə gətirib çıxardan üçüncü amil kimi, dünyanı axirətdən üstün tutmaq göstərilir. İnsan dünya və axirət seçimində dünyanı üstün tutarsa, bu, insanda qəflətin yaranmasına gətirib çıxardar. Ən böyük qəflət o zaman baş verər ki, insan bu dünyanı axirətdən üstün tutar. Nəzərə almalıyıq ki, bu dünyada şeytanın (lən) hoqqaları bunun üçündür ki, biz dünyanı axirətdən üstün tutaq. İnsan qəflətdə olmasa, bilər ki, axirət daha üstündür. Bu mövzuda süstlük etmək – insanı qəflətə aparıb çıxarar.
Allah Təala Qurani-Kərimin “Hədid” surəsinin 20-ci ayəsində buyurur: “Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”.
Allah Təala bizə dünyanın həqiqətini öyrədir. İnsan, iki həyatlı varlıqdır. Birinci həyatı, əbədi həyatı üçün müqəddimədir. İnsanın ikinci həyatının necə olması birinci həyatında müəyyənləşir.
Amma, bəzən təəssüflər olsun ki, insan iki həyatlı varlıq olduğunu unudur və bu dünyanı elə yaşayır ki, sanki əbədi burada qalacaq. Bu halda Allah bizə bəyan edir ki, belə bir dünyanın heç bir əhəmiyyəti yoxdur. Dünya axirətin quruculuğu, Allahın razılığı üçün yaşanmasa, bu beş dənədən kənar deyil: oyun-oyuncaq, əyləncə, öyünmək, malda və övladda bir-birini üstələməyə can atmaq.
Uşaqlığında oynamaqla kifayətlənməyən…
Elə insanlar var ki, tək uşaqlıqda oynamaqla kifayətlənməyib, ömürlərinin sonrakı mərhələlərində də bütün həyatlarnı oyun-oyuncaq kimi keçirir. Bir ömür bu həyata oyun kimi, oyuncaq kimi yanaşır. Nə qədər uşaq vaxtı uşağın inkişafı üçün oyun mühümdürsə, bir o qədər bəlli yaşa çatandan sonra insanın oyun oynaması, həyata oyun-oyuncaq kimi yanaşması zərərlidir. Belə olan halda insan həyatını puça vermiş olar.
İnsanın ömrünün sonuna qədər ilişib qaldığı dünyanın ikinci mərhələsi – əyləncədir. Allah etməsin ki, insanın bir ömür həyatı oyun-oyuncaq və əyləncədən ibarət olsun. İnsan bu dünyada vaxtını keçirdər, vaxtını öldürər.
İnsanın gənclik dönəmində baş qaldıran üçüncü mərhələ – gözəlliyə meyillənmək, bəzənmə, qlamura can atmaqdır. İnsan axirətini gözəlləşdirmək əvəzinə, bir ömür dünyasını gözəlləşdirməkdə qala bilər. Vay o haldan ki, insan bu dünyada qlamurun içində, dünyasını gözəlləşdirmək həddinə qala. Bu zaman həyatın axirət üçün bir faydası olmaz. Nemətlikdən çıxar.
Növbəti bir mərhələ – öyünmə mərhələsidir. Bu, da insanın orta yaş həddinə uyğun gələn mərhələdir. İnsan özünü hər şeyin mərkəzi bilər, eqosunu hər addımda büruzə verər.
İnsanın daha yaşlı vaxtına uyğun gələn növbəti mərhələ – mal və övladda bir-birini ötməyə, üstələməyə can atmaqdır. Bu mərhələdə insan maddi resurslar və nəsil-nəcabəti ilə digərlərini üstələməyə can atar. Maraqlı mövzu budur ki, hər kəs bunu görür, müşahidə edir – amma ibrət götürüb nəticə çıxarmırlar.
Allahdan bəsirət istəyək
Mövzudan anlaşılan budur ki, insanda bəsirətin formalaşması o qədər də asan başa gəlmir. Bunu davamlı olaraq Allahdan istəmək lazımdır. Allahın ən ixlaslı və saleh bəndələrindən olan Həzrət İbrahim (ə) də Allahdan bəsirət istəyirdi. Allah Təalanın Qurani-Kərimdə “Şüara” surəsində xəbər verdiyi kimi, Həzrət İbrahim (ə) Allahı tanıdandan sonra Rəbbindən belə dua edib istəyir: “İlahi, mənə hikmət və bəsirət mərhəmət et! Məni əməlisalehlərə qoş!”.
Həzrət İbrahimin (ə) nümunəsində görürük ki, əvvəla gərək Allahdan istəyək. İstəmə, dua – kamala doğru bir addımdır. Gərək biz Rəbbimizdən istəyək.
İkinci mühüm məsələ budur ki, bizlər bilməli və əmin olmalıyıq ki, Allah Rəbbdir, bizi tərbiyə edəndir, bizə hər an varlıq verir, təkamülə tərəf aparır, bizə fürsətlər, imkanlar verir. Biz istəyərkən gərək nümunələrə baxaq ki, Allahın dostları necə istəyiblər. Həzrət İbrahimin (ə) bu mübarək nümunəsi bizə necə istəməni öyrədir. Allahdan hikmət və bəsirət istəyək. Adam ola bilər ki, bilsin, savadı olsun – amma hikməti olmasın, bəsirəti olmasın. Bilmək yetərli deyil. O bilgi ki, bəsirətsiz və hikmətsizdir – insanı məhvə aparar.
O bilgi və hikmət ki, bəsirətlə, hikmətlə yoğrulub – o, həm də mühütə ehtiyaclıdır. Həzrət İbrahim (ə) Allah Təaladan bir tərəfdən hikmət və bəsirətin mərhəmət etməsini istəyir, digər tərəfdən isə fərd olaraq, tək olaraq buna yiyələnməyin mümkünsüzlüyünü göstərir. Allahdan istəyir ki, ona salehlərlə olmağı, salehlərə qoşulmağı inayət etsin.
Anlaşılan odur ki, insanın özü-özlüyündə yalnız bilməsi, anlaması yetərli deyil. Mühüt önəmlidir. Mühüt yaxşı, əməlisaleh olmasa, insan saleh insanlarla bir mühütdə olmasa – bir gün onun bəsirət və hikməti də sıradan çıxar. Digər tərəfdən fövqəladə dərəcədə önəmlidir ki, insan bəsirət və hikmətə yiyələnsin.
Mübarək nöqtələrdən biri budur ki, səadətin formulası bu ikisinin vəhdətindədir: bir tərəfdən hikmət və bəsirət, digər tərəfdən saleh mühüt.Dinimiz deyir ki, nə tərki-dünya ol, insanlardan uzaqlaş, nə də ki, hər adamla oturub-dur. İnsanın digər insanlarla birgə olmalıdır – amma məhz əməlisaleh insanlarla birgə olmalıdır. O zaman onun bəsirətli, hikmətli baxışı formalaşa bilər və davamlı bu halını qoruyub saxlamaq imkanına yiyələnər. Bunların ikisi bir yerdə olanda, hər şey qaydasında olur.
Bu gün ümmətə bu çatmır. Bu gün müsəlman ümmətinə hikmət, bəsirət, salehlərlə olmaq çatmır və nəticə də gözümüzün qabağındadır.
Əziz Peyğəmbərimizin (s) döyüşə gedərkən etdiyi dua
Yekunda istərdik müzəffər ordumuzun müqəddəs savaşı davam etdiyi bir zamanda əziz İslam Peyğəmbərindən (s) döyüşə gedərkən etdiyi bir duanı bölüşək. Əziz Peyğəmbərimiz (s) düşmənlə döyüşə gedərkən Rəbbə müraciət edərək, belə buyurur:
“Allahım, Sən mənim arxamsan, Sən mənim yavərim, köməkçimsən!
Allahım, Səndən güc alıram!
Allahım, Səndən kömək alaraq, hücum edirəm!
Allahım, Səndən kömək alaraq vuruşuram, döyüşə gedirəm!”.
Allahım, biz bu haqlı, Ana Vətən müharibəmizdə, ana torpaqlarımızı, Vətənimizi azad etmək yolunda Sənə sığınırıq. Sən bizim yavərimiz, köməkçimizsən! Allahım, Səndən güc alırıq, Sənin köməyinlə düşmənə hücum edərək, əziz Vətən torpaqlarını geri qaytarırıq! Allahım, Sənin köməkliyin ilə döyüşüb qalib gələcəyik, necə ki, bu gün müzəffər ordumuz irəli getməkdərir…
Bu neçə gün göstərdi ki, Azərbaycan ordusu, müzəffər ordu torpaqlarımızı tezliklə azad etmək potensialına, ruhiyyəsinə tam malikdir. Allahdan istəyimiz budur ki, yeni-yeni gözəl xəbərlər eşidək. Bütün əziz şəhidlərimizin müqəddəs qanı hörmətinə, xalqımıza daha da ali ruhiyyə, qələbə, zəfərin nəsib olmasını diləyirik!
Allahım, bizlərə bəsirətli, hikmətli həyat, əməlisaleh mühitdə olmağı nəsib et!
Allahım, tezliklə Qarabağımızın tam şəkildə azad olmasını nəsib et!
Allahım, şəhidlərimizə rəhmət et və məqamlarını ali et! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Gununsesi.info