120 nəfər rüşvətə görə ittiham olunub

120 nəfər rüşvətə görə ittiham olunub

2019-cu ildə 120 nəfər rüşvətalma və verməyə görə cinayət məsuliyyətinə cəlb edilib. 

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev hesabatla çıxış edərək bildirib ki, ötən il Baş İdarənin əməliyyat qurumlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanıb.

2019-ci il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 101 şəxs barəsində mənimsəmə və israf etmə, 69 şəxs barəsində dələduzluq, 36 şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində rüşvətalma (passiv rüşvətxorluq), 68 şəxs barəsində rüşvətvermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Hesabat dövrü ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanıb, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

***

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödənilməsi təmin edilib.

Gununsesi.org

COMMENTS