QHT-lərə dövlət dəstəyində sistem dəyişikliyi: “vahid pəncərə”, güclənən Agentlik və rəqəmsal idarəetmə
Ötən gün Prezident tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalanıb.
Düşünürəm ki, bu sənəd QHT-lərə dövlət dəstəyi sahəsində indiyədək mövcud olan mexanizmləri köklü şəkildə dəyişəcək.
Yeni Fərmanla QHT Agentliyinin rolu əhəmiyyətli dərəcədə gücləndirilir.
Ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, indiyədək müxtəlif dövlət qurumları tərəfindən pərakəndə şəkildə həyata keçirilən maliyyələşmə mexanizmləri artıq vahid sistem daxilində əlaqələndirilir. Bundan sonra QHT-lərin bütün növ dövlət maliyyələşməsi “vahid pəncərə” prinsipi əsasında həyata keçiriləcək. Müxtəlif nazirliklər, fondlar və agentliklər tərəfindən verilən qrantlar, subsidiyalar və dövlət sifarişləri QHT Agentliyi ilə birlikdə, uzlaşdırılmış qaydada icra olunacaq.
Burada söhbət QHT-lərin maliyyələşməsinin mərkəzləşməsindən deyil, müxtəlif qurumlar tərəfindən verilən qrantların koordinasiyasından gedir.
Digər mühüm yenilik isə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” vahid informasiya sisteminin yaradılmasıdır. Sistemin sahibi və operatoru kimi QHT Agentliyi müəyyənləşdirilib.
Bu sistem QHT-lərin indiyədək pərakəndə halda olan maliyyələşdirilməsi prosesini rəqəmsal müstəviyə daşıyaraq şəffaflığı, izlənə bilənliyi və institusional yaddaşı təmin edəcək. Təkrarlanan layihələrin qarşısının alınması, prioritetlərin daha dəqiq müəyyənləşdirilməsi və dövlət siyasətinin icrasının ölçülə bilməsi baxımından bu, ciddi irəliləyişdir.
Eyni zamanda Fərmanda Agentliyin idarəetməsində tək icraçı modelindən imtina edilərək kollegial İdarə Heyəti modelinə keçid nəzərdə tutulur ki, bu da qərarların daha balanslı, məsuliyyətli və davamlı qəbuluna xidmət edir.
Nəticə etibarilə bu Fərman QHT-lərə dövlət dəstəyində pərakəndə yanaşmadan sistemli və əlaqələndirilmiş modelə keçidin hüquqi əsasını yaradır. Vahid pəncərə və rəqəmsal informasiya sistemi dövlət–vətəndaş cəmiyyəti münasibətlərində şəffaflığı, məsuliyyəti və etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək.













