10 ilin məhkəmə sədri məhkəmələrdən hakim pensiyası tələb edir

Azərbaycanda 13 il məhkəmə hakimi olmuş (bunun da 10 ili ayrı-ayrı məhkəmələrdə olmaqla) Kəramət Əliyevin özü indi hakim önünə çıxır.

2021-ci ilin sentyabrında 65 yaşa çatdığından, hakimlik səlahiyyətlərinə xitam verilən Əliyev pensiyasından narazıdır.

67-yaşlı K.Əliyev uzun illərdir pensiya alır. O, hakimlikdən öncə 12 il polis orqanlarında, ardından 13 il də prokurorluqda çalışıb. 2005-ci ildə 25 illik xidmət dövrü ilə əlaqədar pensiyaya çıxıb. Paralel olaraq, Dövlət Neft Şirkətində hüquq şöbəsində işləyib, daha sonra vəkil kimi fəalliyyət göstərib.

2008-ci ildənsə hakimliyə başlayıb. Öncə 3 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. 2011-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinə sədr göndərilib. 2018-ci ilədək orada çalışıb. Ardından yaş həddiylə əlaqədar səlahiyyəti bitənədək paytaxtda Suraxanı rayon Məhkəməsinin sədri olub.

K.Əliyev 2021-ci ildə vəzifədən çıxarılandan sonra son iki ildə aldığı maaşa uyğun ona yenidən pensiya hesablanıb. Ədliyyə Nazirliyinin arayışından məlum olub ki, 2 il məhkəmə sədri çalışdığı dövrdə 167 min 839 manat (hər aya 7 min manata yaxın düşür-red.) əməkhaqqı alıb.

K.Əliyev Dövlət Sosial Müdafiə Fonduna ərizə yazıb ki, ona hakim kimi yaşa görə pensiya hesablansın, ancaq Fonddan ona “yox” cavabı gəlib. Arqument də bu olub ki, hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün) olduğundan, hakim pensiyası ala bilməz.

Bundan sonra keçmiş hakim pensiyasının yenidən hesablanması tələbiylə məhkəməyə üz tutub. O, Bakı İnzibati Məhkəməsində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırıb. Məhkəmə də iddiasını təmin edərək qərar verib ki, hakim olduğu dövrdə onun maaşına əlavələr, müalicə pulu, sonrakı artımlar və s. nəzərə alınsın və ona hakim kimi əmək pensiyası hesablansın.

Dövlət Sosial Müdafiə Fondu bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib.

““Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə görə, hakim kimi pensiya təminatından istifadə etmək üçün 15 il sosial sığorta stajı gərəklidir. Kəramət Əliyevin hakimlik stajı 15 ildən azdır. Bu üzdən, ona hakim kimi əmək pensiyasının hesablanması qanunun tələbi baxımından mümkün deyil”, – Dövlət Sosial Fondunun nümayəndəsi etirazını belə əsaslandırıb.

 

Gununsesi.info