
“Azərbaycan İran kimi siyasi oyunçuya öz hüquqlarını xatırlatdı”
Ötən gün İranın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib, bununla bağlı qarşı tərəfə nota təqdim olunub.
Notada son dövrlər İrana məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə edilib. Həmçinin bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılıq görüş zamanı səfirin qarşısında bir daha qaldırılıb.
İran Qarabağa nə daşıyır?
Sosial şəbəkə və saytlarda yayılan kadrlardan göründüyü kimi, İran dövlət nişanlı yük avtomobilləri fasiləsiz olaraq Ermənistanın Goru şəhərindən Laçın dəhlizilə keçərək Qarabağa giriş-çıxış edir. Onların əksəriyyəti yanacaq daşıyan maşınlardır. Bu qədər yanacaq Qarabağ ermənilərinə niyə daşınır? Tehranın bu addımı nədən xəbər verir?
Siyasi şərhçi Zərdüşt Əlizadə Modern.az-a bildirib ki, Azərbaycana XİN İrana nota verməklə, rəsmi Tehrana öz hüquqlarını xatırlatdı:
“Müharibədən öncə özbaşınalıq idi. Kim istəyirdi Qarabağa gəlirdi, Azərbaycandan soruşan yox idi. Müharibədən sonra vəziyyət kəskin dəyişdi. İndi Azərbaycan öz suverənliyini bərpa edir. Qarabağda bərpa işləri gedir, rus sülhməramlıların nəzarətində olan əraziləri yavaş-yavaş diplomatik yolla qaytarmağa çalışır.
Görünür, İran əvvəlki vəziyyətə öyrəşib. Hesab edirlər ki, suverenlik yoxdur. Azərbaycan müharibədən sonra qəti şəkildə İran kimi siyasi oyunçulara öz hüquqlarını xatırlatdı”.
Z.Əlizadə hesab edir ki, İran azərbaycanlıları rəsmi Tehranın mövqeyilə razılaşmayacaqlar. Hətta etiraz aksiyalarının keçirilməsi gözlənilir:
“İran Ermənistana mal gətirir, orada pul xatirinə işlər görür. Xankəndiyə gedən İran maşınlarının sürücülərinə, şirkətlərinə, onlara nəzarət edən İran dövlət müəssisələrinə Azərbaycan nota verir. Bu, vaxtında səslənmiş xəbərdarlıqdır. Real hökümət bu kimi xəbərdarlıqdan nəticə çıxarmalıdır, əksi olarsa, aşkar şəkildə üzə çıxacaq. Bu zaman İran azərbaycanlıları İran hökumətinin mövqeyindən razı qalmayacaqlar. Təbii ki, azərbaycanlılar buna susmayacaq, küçələrə çıxacaq və etirazlarını bildirəcəklər”.