
Dünyanın bir çox ölkəsində yanacaqdoldurma məntəqələrində özünəxidmət mövcuddur. Sürücü yanacaqdoldurma məntəqəsinə daxil olur, ödəniş edib özü avomobilinə yanacaq vurur. Bu xidmətin təklif olunduğu ölkələrdə benzinin qiyməti sürücülərə nisbətən ucuz təqdim olunur.
Bu cür xidmət Azərbaycanda niyə tətbiq edilmir? Özünəxidmətə keçmək üçün ilk növbədə hansı maneələr aradan qalxmalıdır?
“Özünəxidmətin mövcud olması yanacağı ucuzlaşdırmayacaq”
Tanınmış hüquqşünas, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Modern.az-a bildirib ki, Azərbaycanda özünəxidmətin tətbiqi yanacağın qiymətinin ucuzlaşmasına gətirib çıxarmayacaq:
“Bizdə yanacağın qiymətini dövlət tənzimləyir. Bu gün üçün həmin xidmətin tətbiqi də mümkün deyil. Amma özünəxidmət yaxşı üsuldur. Bu zaman sürücülərdən texniki bilgilər tələb edilir. Bu da bir qədər çətindir. Özünəxidmət o ölkələrdə tətbiq olunur ki, orada demək olar ki, nağd ödənişlər yoxdur. İnsanlarda da bir istehlakçı mədəniyyəti var. Bunlar hamısı bir-birini tamamlayır. Bu şərtlər olsa, biz də yavaş-yavaş o sistemə keçə bilərik”.
Ekspert qeyd edib ki, bu gün yanacaqdoldurma məntəqələrində minlərlə insan operator kimi çalışır və əmək haqqı qazanır və bu da nəzərə alınmalıdır:
“Özünəxidmətə kçmək üçün ilk növbədə bunlar tətbiq olunmalıdır: nağdısız ödənişlər yüksək səviyyədə olmalı, sürücülər texniki bilgilərə sahiblənməli, qarşılıqlı etimad hökm sürməlidir, yəni, heç kim gəlib orada yanacaq oğurlamaq üçün hansısa üsul düşünməyəcək. Bütün bunları nəzərə almaqla belə xidməti tətbiq etmək olar. Bir daha qeyd edim ki, yanacaq özünəxidmət sisteminə keçməklə ucuzlaşmayacaq. Çünki bizdə yanacağın qiymətini dövlət müəyyən edir”.
“Bizdə onu tətbiq etmək birinci növbədə Tarif Şurasından asılıdır”
106.3 radiosunda sürücülər üçün yayımlanan “Masterklass” verilişinin aparıcısı Raqif Raufoğlu bildirib ki, yanacağın qiymətini Tarif Şurası tənzimləyir və yanacaqdoldurma məntəqələri istəsə də, özünəxidmət sisteminə keçə bilməyəcək.
“Məsələn, İtaliyada həm operatorla olan, həm də özünəxidmət göstərən məntəqələr var. Əgər sən xidmət istəyirsənsə, o zaman operatorlu yanacaqdoldurma məntəqəsinə müraciət edirsən. Bu zaman bir qədər artıq ödəniş etməli olursan. Bizdə bu nümunəni tətbiq etmək istəyir. Amma o şirkət benzini ucuz sata bilməyəcək. Çünki qiymətə Tarif Şurası qərar verir. Gürcüstanda da bu nümunə var. Avropada hətta yanacaq aldığın yerin qiymətə təsiri var. Əgər, “avtoban”dan alırsansa, onun qiyməti, məsələn, 1 dollar 50 sentdirsə, şəhər və ya kəndin içində həmin yanacağın qiymətində əhəmiyyətli dərəcədə fərq olur. Məsələn, 20-30 sent”.
R.Raufoğlu bildirib ki, Azərbaycanda ilk növbədə mexanizm dəyişilməlidir:
“Fikrimcə, Tarif Şurası burada kiçik bir dəhliz qoysa ki, məsələn 92 markalı benzini 90 qəpik – 1 manat aralığında sata bilərsiniz, onda artıq yanacaqdoldurma məntəqəsi özünəxidmət tətbiq edə bilər. Deyə bilər ki, mən operator götürmürəm, işçiyə ödəniş etmirəm. Bu xərclərdən azad olduğum üçün yanacağı 1 manata yox, 95 qəpiyə satıram. Bu əslində yaxşı mexanizimdir. Bizdə onu tətbiq etmək birinci növbədə Tarif Şurasından asılıdır”.
Hazırda Azərbaycandakı bütün yanacaqdoldurma məntəqələrində benzin və dizel eyni qiymətə təklif olunur: Aİ-92 markalı benzin 1 manata, Aİ-95 markalı benzin 1 manat 60 qəpiyə, Aİ-98 markalı benzin 1 manat 90 qəpiyə, dizel 80 qəpiyə satılır.
Gununsesi.info