
Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ukraynanın Qara dəniz sahilindəki liman şəhəri Mikolayivə səfəri təhlükəsizlik baxımından yarımçıq qalıb.
Gununsesi.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Almaniya mətbuatına verdiyi açıqlamada, Almaniyanın maliyyələşdirdiyi içməli su təmizləyici qurğunu ziyarət etmək üçün Mikolaiv şəhərinə gedən Annalena Berbok və heyətini Rusiyaya məxsus pilotsuz uçan aparatın izlədiyini bildirib. XİN rəhbərinin səfəri yarımçıq kəsilərək zirehli maşınlara mindirilib, onun bölgədən çıxarıldığı bildirilib.
Açıqlamada sözügedən İHA-nın bir müddət monitorinq apardıqdan sonra ərazidən uzaqlaşdığı bildirilib.
Alman mətbuatında yer alan xəbərdə Berbokun bölgəni tərk etməsindən sonra Mikolayvda hava hücumu təşkil edildiyi, Almaniya xarici işlər nazirinin Ukrayna səfərini bitirərək ölkəsinə döndüyü bildirilib.
Berbok Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyini ifadə etmək üçün dünən Odessaya gedib.
Almaniya Xarici İşlər Nazirliyinin X hesabında edilən paylaşımda Ukraynaya yenidənqurma yardımının 100 milyon avro artırılaraq 1 milyard avroya çatdırılacağı açıqlanıb.
Almaniyanın da iyun ayında Berlində Ukrayna üçün yenidən strukturlaşma konfransı keçirməyi planlaşdırdığı öyrənilib.
Gununsesi.info