
Liviya Müdafiə Nazirliyinə bağlı Neft Obyektlərinin Mühafizəsi bütün neft yataqlarının və neft ixrac edən limanların bağlandığını elan edib.
Gununsesi.info bildirir ki, Liviyanın “əl-Əhrar” televiziyasının xəbərinə görə, Liviya Neft Obyektləri Mühafizəsi ölkədəki neft yataqları və limanlarının bağlandığını elan edərək, obyektlərin yenidən açılması üçün şərtlərin yerinə yetirilməsini tələb edib.
Neft Obyektlərinin Mühafizəçiləri də şərtlərə əməl edilmədiyi təqdirdə hüquqlarını məhkəmə yolu ilə axtaracaqlarını bildiriblər.
Digər tərəfdən, Milli Neft Korporasiyasının (NOC) verdiyi açıqlamada Liviya Neft Obyektləri Mühafizəsinin rəisi Əbdürrezzak əl-Hermani və MOK-un sədr müavini Məsud Süleymanın görüşdüyü bildirilib.
Görüşdə NOC-un sədr müavini Süleyman neft obyektlərinin hər cür gərginlikdən uzaq tutulmalı olduğunu, Neft Obyektlərinin Mühafizəçilərinin tələblərini yerinə yetirmək üçün rəsmi və qanuni kanallara əməl etməli olduqlarını vurğulayıb.
Liviya hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Liviya Neft Obyektlərinin Mühafizəsi fevralın 15-də verdiyi açıqlamada Liviya Milli Birlik Hökumətindən tələblərini yerinə yetirməsini istəyib və şərtlərə əməl edilmədiyi təqdirdə 10 gün ərzində neft yataqlarının bağlanacağı ilə hədələyib.
Bəyanatda işçilərin maaşlarının MOK işçilərinin maaşları ilə eyni səviyyədə artırılması və mükafatların verilməsi, Liviya Neft Obyektləri Mühafizəçilərinin də MOK-un strukturuna maliyyə cəhətdən daxil edilməsi tələb edilib.
Liviyada son 5 ildə müxtəlif qruplar arasında baş verən münaqişələr neft ixracının əhəmiyyətli dərəcədə azalmasına və neft hasilatını gündə iki milyon barrelə çatdırmağa yönəlmiş genişlənmə planlarının gecikməsinə səbəb olub.
Gununsesi.info