Xaricdəki diasporumuz “Avroviziya”dakı müğənnimiz üçün SƏFƏRBƏR OLDU

Niderland Krallığının Rotterdam şəhərində keçirilən  “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycan ifaçısı Samirə Əfəndi finala vəsiqə qazanıb. Qeyd edək ki, Samirə Əfəndi finalda “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.

Onun səhnə performası və ifası çoxları tərəfindən bəyənilib. Hətta qalib gələcəyi iddiaları da irəli sürülür.

Maraqlıdır ki, xaricdə yaşayan soydaşlarımız və diaspor nümayəndələri təmsilçilərimizə necə dəstək göstərirlər? Hansı təşəbbüslər irəli sürülür?

Gununsesi.info xəbər verir ki, Modern.az saytının əməkdaşı məsələ ilə bağlı Azərbaycanın ayrı-ayrı ölkələrdəki diaspor rəhbərləri ilə danışıb.

Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın sözlərinə görə, səsvermədə aktiv iştirak edirlər:

“Biz hər il Azərbaycanı “Avroviziya”da dəstəkləyirik. Hər il olduğu kimi, bu il də eyni qayda ilə öz həmvətənlərimizə, eləcə də burada olan dostlarımıza Azərbaycana səs verməyə çağırış edirik. Bunu istər sosial şəbəkələrdə, istərsə də digər əlaqələr vasitəsilə edirik.

Öncə ki, illərə baxdıqda Fransadan Azərbaycana o qədər də xal gəlmir. Hamılıqla bunun şahidi oluruq. Lakin buna baxmayaraq, səsvermədə aktiv şəkildə iştirak edirik. Ümid edirik ki, Fransa Azərbaycanın budəfəki çıxışına hər hansı bir qiymət verəcək. Bu il “Avroviziya”dakı ifaçımızın uğur əldə edəcəyinə inanırıq”.

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev təbliğat prosesini apardıqlarını söyləyib:

“Biz hər il olduğu kimi, bu il də Rusiyada yaşayan soydaşlarımızı Azərbaycandan çıxış edən nümayəndəyə səs verməyə çağırırıq. Əlbəttə ki həm sosial şəbəkələrdə, həm də bizim idarəçiliyimiz altında olan kanallarda bu məsələnin təbliği gedir.

Demək olar ki, Rusiya hər zaman Azərbaycandan olan iştirakçıya yüksək səs verir. Təbii ki, bu il də Azərbaycana dəstək olacağıq. Bununla yanaşı, digər insanları da bu prosesə qoşmaq üçün təbliğat aparılacaq ki, Azərbaycan təmsilçisi layiq olduğu yeri “Avroviziya” müsabiqəsində qazana bilsin”.

Gununsesi.info