
Venesuela ölkənin yük təyyarəsinin ələ keçirilməsində rolu olduğunu əsas gətirərək, Argentinadan gələn bütün təyyarələr üçün hava sahəsini bağlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil sosial media hesabında yazıb.
XİN rəhbəri Argentina prezidenti Xavyer Miley hökumətinə dəfələrlə xəbərdarlıq etdiklərini vurğulayıb.
Argentina prezidentinin sözçüsü Manuel Adorni də gündəlik mətbuat konfransında Venesuelanın qərarına qarşı diplomatik addım atacaqlarını bildirib.
Adorni Beynəlxalq Mülki Aviasiya Konvensiyasını pozduğuna görə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) çərçivəsində tədbirlər görəcəklərini qeyd edib.
Argentina ABŞ-ın tələbi ilə 2022-ci il avqustun 12-də Venesuela təyyarəsini ələ keçirib. İyunun 7-də Venesuelanın paytaxtı Karakasa dönməsi planlaşdırılan təyyarə yanacaq çatışmazlığı səbəbindən bu uçuşu həyata keçirə bilməyib. İyunun 8-də yanacaq almaq üçün Argentinadan Uruqvaya yola düşüb, lakin Uruqvay hava məkanını bağladıqdan sonra , yanacaq almadan Argentinaya qayıdıb.
ABŞ Venesuela yük şirkəti tərəfindən İranın Mahan Hava Yollarından aldığı “Boeing 747” tipli yük təyyarəsinin “İranla bağlı ixrac məhdudiyyətləri” çərçivəsində ələ keçirildiyini açıqlayıb.
2019-cu ildə ABŞ Maliyyə Nazirliyi İranın “Mahan Air” aviaşirkətini İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsi olduğu iddiası ilə sanksiya siyahısına daxil edib.
Venesuela prezidenti Nikolas Maduro fevralın 16-da verdiyi açıqlamada ölkənin yük təyyarəsinin Argentina və ABŞ-ın əməkdaşlığı ilə oğurlandığını iddia edib.
Maduro mətbuat konfransında “Emtrasur” aviaşirkətinə məxsus “Boeing-747” tipli yük təyyarəsinin Argentinanın köməyi ilə ABŞ tərəfindən ələ keçirildiyini iddia edərək, bunu oğurluq kimi qiymətləndirib.
Argentina rəsmiləri tərəfindən ABŞ-a təhvil verilən Venesuela təyyarəsinin daha sonra parça-parça olduğu mətbuatda yayılıb.
Gununsesi.info