“Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ

  • By admin
  • 24 İyun 2021 19:38

Son əsrdə vaksinasiya bir çox xəstəliklərin zərərlərinin və bu xəstəliklərdən ölüm hallarının azalmasına yardımçı olub. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 30%‑ə qədəri vəba xəstəliyindən ölüb. 1618-ci ildə 20 milyon əhalisi olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb.

 

1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-nə yoluxmuş və 20 il ərzində 50 milyon insanın ölümünə səbəb olmuşdu. Müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib.  Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Vaksinasiya hesabına hazırda poliomielit tamamilə yox olub. Ötən əsrin 60-cı illərində qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.

Vaksinlasiya infeksion xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaranır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliyin törədicisi ilə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.

 

Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.  Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70‑80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər.

 

Gənc və sağlam insanlar da koronavirusa yoluxa və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada mövcuddur. Əksər hallarda gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa yoluxmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq, idmanla məşğul olmaq və profilaktik müayinələrdən keçmək insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immun sistemimizi virusla mübarizə aparmağa hazırlıqlı edir. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. İnanıram ki, koronavirus əleyhinə vaksinasiya prosesində də bu belə olacaqdır.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Gununsesi.info