
Türkmənistanın avtoritar lideri ölkədə COVID-19-a bircə yoluxmanın belə qeydə alınmadığını bildirir. Amma səhiyyə sistemindəki mənbənin AzadlıqRadiosu-nun türkmən xidmətinə dediyinə görə, artıq bu xəstəlikdən 25 min nəfərin vəfatı gizli şəkildə rəsmiləşdirilib.
“Koronavrusdan ölüm ictimaiyyətə açıqlanmasa da, hər gün vilayətlərdən Səhiyyə Nazirliyinə bu haqda məlumat verilir”, – mənbə deyib.
Keçmiş sovet respublikası olan Türkmənistan əhalisi 6 milyona yaxındır və dünyada koronavirusa yoluxmaların olmadığını bildirən azı 5 ölkədən biridir. Onlardan üçü Sakit Okeanda təcrid olunmuş adalar, dördüncüsü sərt nəzarət altında olan Şimali Koreyadır.
“Ölü sayını azaldırlar”
Türkmənistanı 2006-cı ildən idarə edən Prezident Qurbanqulu Berdiməhəmmədov ölkədə COVID-19-un olmasıyla bağlı xəbərləri “saxta” adlandırıb. O, sentyabrda BMT-də çıxışında deyib ki, pandemiya “siyasiləşdirilməməlidir”.
Mənbə isə koronavirusdan real ölümün 25 mindən çox olduğunu, tibb işçilərinin pandemiyanın miqyasını kiçiltməyə çalışdığını söyləyib.
“Regional rəsmilər qorxurlar və mərkəzə ötürdükləri məlumatlarda ölü sayını azaldırlar”, – mənbə vurğulayıb.
Türkmənistan xəstəliyi inkar etsə də, adamların sıx olduğu yerlərdə sərt qadağalar tətbiq edib. Üstəlik, Aşqabad iyuldan yaşı 18-dən yuxarı olanlar üçün vaksini məcburi edib, Rusiya və Çindən vaksin tədarükü görüb.
Gununsesi.info