Hakim Zeynal Ağayev vətəndaşı niyə süründürür? - DƏLƏDUZLUQLA ÜZLƏŞƏN SAMİR ƏLİYEV ƏDALƏT AXTARIŞINDA

  • By admin
  • 15 Oktyabr 2021 11:05

 

İki nəfərin dələduzluq əməlinin qurbanı olmuş Bakı şəhər sakini Samir Əliyev adlı vətəndaş şikayətlərinin obyektiv araşdırılmamasına görə, Gununsesi.info-ya müraciət edib.

Samir Əliyevin şikayətini olduğu kimi təqdim edirik:

 

Babayev Zaur Xudabaxş oğlu və Hüseynov Mərhəmət İlham oğlu qabaqcadan əlbir olub yaşadığım mənzili qanuni şəkildə adıma özəlləşdirilməsi barədə mənə yalan vədləri vermişlər və məni aldadaraq mənə qarşı dələduzluq cinayəti törətmişlər.

Hazırda onların Cinayət Məcəlləsinin 178 və sair maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə artıq neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmə tərkibi tərəfindən baxılır.

Təqsirləndirilən şəxslər mənə qarşı dələduzluq cinayəti törətmələrinə baxmayaraq, cinayət işi üzrə məni yalnız şahid qismində tanımışlar və bunu belə əsaslandırmışlar ki, Zaur Babayevə və bizi tanış edən Mərhəmət Hüseynova pulları guya vəzifəli şəxslərə rüşvət kimi onlara verdiyimdən, qanun tələbinə görə zərər çəkmiş şəxs kimi tanına bilmərəm.

Halbuki, həm istintaq, həm məhkəmə zamanı dəfələrlə bildirmişdim ki, özünü mənə DTX-nin əməkdaşı kimi təqdim edən Zaur Babayevdən yaşadığım mənzili qanuni şəkildə özəlləşdirilməsinə kömək etməsini xahiş etdim, Zaur Babayev isə məni inandıraraq müxtəlif vaxtlarda məndən məhz rüsum və özünün «zəhmət haqqı» qismində xeyli miqdarda pulumu almışdır.

Məhkəmə tərəfindən bu hallara lazımi diqqət verilmədiyini, məndən alınmış pulların konkret olaraq hansı məbləğlərin «zəhmət haqqı» və rüsumlara aid olmasını hərtərəfli araşdırmaq imtina edildiyini görüb, avqust ayının 23-də zərər çəkmiş şəxs qismində, sentyabr ayının 3-də isə mülki iddiaçı qismində tanınmağım barədə ərizələri məhkəməyə təqdim etdim.

Qanun tələbinə görə cinayət prosesini həyata keçirən orqan bu mahiyyətli ərizələrə alındığı andan üç gündən gec olmayaraq ona baxmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməklə bu qərarın surətini ərizəçiyə göndərməlidir. Ərizəçi isə cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarının surətini aldığı vaxtdan beş gün müddətində qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək hüquqa malikdir.

Qeyd olunan ərizələrimin məhkəməyə təqdim etdiyim gündən artıq iki ay müddətinin keçməsinə baxmayaraq, hakim Zeynal Ağayev hər dəfə «məhkəmə çıxışlarda iştirak etmək üçün hüququnuz yoxdur» sözləri deyərək bu günə qədər mənə hər hansı qərarın surətini təqdim etmir nə də ki, hansı qərarın qəbul etdiyini belə bildirmir.

Məhkəmənin bu cür hərəkətsizliyinə görə məndə artıq əminlik yaranmışdır ki, hakim Zeynal Ağayev məqsədli şəkildə birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs və mülki iddiaçı qismində iştirak etməyimin qarşısını almaq niyyətindədir. Çünki başqa izah tapa bilmirəm. Əks halda üç gün ərzində qəbul edib ərizəçiyə təqdim edilməli olan qərarın surətini artıq iki aydır ki niyə mənə təqdim etmir?

Faktiki olaraq hakim qanun tələblərini heçə saymış və mənə qərarların surətlərini təqdim etməkdən yayınaraq, bununla da heç bir qanuni maraqlarımı nəzərə almadan birdəfəlik hökm çıxartmaq planlaşdırır.

Əgər məndən alınan pullar hamısı rüşvət idisə, niyə məhkəmədə araşdırılmamışdır ki, Zaur Babayev tərəfindən konkret olaraq hansı vəzifəli şəxslərə və hansı məbləğlərdə rüşvətin veriləcəyi deyilmişdir?

Mən, qanun tələblərinə uyğun olaraq məhkəmə çıxışları başlanana qədər mülki iddianı məhkəməyə təqdim etdim. Hakim Zeynal Ağayev «mülki iddia baxılmamış saxlanılır» bildirəndən sonra şikayətləri də vaxtında verdim.

Məhkəmə şikayətimə baxmadığı və yaxud baxılması üçün şikayətimi Bakı Apellyasiya Məhkəməsinə göndərmədiyi üçün Sizə açıq məktub yazaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyim ərizələrimin həlli ilə bağlı mənə rəsmi qərarın təqdim olunmasını, həmin qərarlar qanuni qüvvəyə minənə qədər isə cinayət işə mahiyyəti üzrə baxılmasının dayandırılmasını və ya təxirə salınmasını xahiş etmək məcburiyyətində qalıram.

 

Gununsesi.info