Türkiyə XİN-də struktur dəyişikliyi aparılır - HAKAN FİDANIN YENİ HƏDƏFLƏRİ VAR

  • By admin
  • 06 Aprel 2024 21:02

Türkiyənin Xarici İşlər Nazirliyinin təşkilati strukturunda dəyişikliklər edilir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə yazan türk mediası bu dəyişikliyin qardaş ölkənin xarici siyasətə təsiri necə olacağına dair sual qoyur.

Xarici İşlər Nazirliyinin strukturunda əhəmiyyətli dəyişiklikləri özündə əks etdirən prezidentin sərəncamı “Resmi Gazete”də dərc olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə qüvvəyə minən fərman 2023-cü ilin iyun ayında Xarici İşlər Naziri vəzifəsinə təyin olunan Hakan Fidanın nazirliyin strukturu və fəaliyyəti ilə bağlı atdığı ən mühüm addım olub.

Fidan Xarici İşlər Nazirliyinin 2024-cü il büdcəsinin müzakirə edildiyi 21 dekabr 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında sıx xarici siyasət gündəminin hər baxımdan güclü Xarici İşlər Nazirliyi təşkilatını zəruri etdiyini bildirib.

Fidan deyib ki, “Vəzifəyə gəldiyim gündən Nazirliyimizin fəaliyyətinin daha səmərəli olması üçün addımlar atırıq. “Biz Nazirliyimizi dörd istiqamətdə müasir şəraitə uyğunlaşdırmağa çalışırıq: fiziki şəraitin yaxşılaşdırılması, texniki vasitələrin gücləndirilməsi, kadrların sayının artırılması və qanunvericiliyin yenilənməsi”.

Qeyd olunur ki, Fidanın vəzifəyə gəldikdən sonra “milli və müstəqil xarici siyasətə” önəm verməsi Xarici İşlər Nazirliyinin yeni təşkilati strukturunda da öz əksini tapıb. Diplomatik mənbələr “Xarici İşlər Nazirliyimizin yeni baxışı çərçivəsində institusional, inzibati, texniki və fiziki şəraitimizdə təkmilləşdirmələr aparırıq” kimi dəyərləndirmələr edib.

 

Gununsesi.info