
Qəzzada və işğal olunmuş İordan çayının qərb sahilində cərəyan edən vəziyyət son dərəcə təhlükəlidir və nəzarət edilməzsə, qlobal sülh və təhlükəsizliyi təhdid edə bilər.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Ahmet Yıldız Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal olunmuş Fələstin ərazilərindəki hərəkətlərinin hüquqi nəticələrinə dair dinləmələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, oktyabrın 7-dən Fələstin anklavında davam edən hadisələr bir daha sübut edir ki, İsrail-Fələstin münaqişəsinin əsas səbəbləri aradan qaldırılmadan regionda sülhün bərqərar olması mümkün deyil.
Nazir müavini vurğulayıb ki, Türkiyə Qəzza zolağının mülki əhalisinə hücumları qəti və birmənalı şəkildə pisləyir. O, xatırladıb ki, Qəzzanın 2,3 milyon sakini, əsasən də qadın və uşaqlar elektrik, su, qida və dərman çatışmazlığı şəraitində həyatda qalmaq üçün mübarizə aparır.
Onun sözlərinə görə, Qəzzada 2 milyona yaxın fələstinli məcburi köçkün vəziyyətinə düşüb. “İsrailin hərəkətləri (Qəzza zolağında) kollektiv cəzaya çevrilib”, – xarici işlər nazirinin müavini bildirib.
Ahmet Yıldız Ankaranın iki dövlətli həllin təmin edilməsinə son dərəcə önəm verdiyini vurğulayıb. O, BMT-nin 1967-ci il sərhədlərindən kənarda İsrailin suverenliyini tanımayan qətnamələrini xatırladıb. Yıldız bir sıra dövlətlərin məhəl qoymamasına baxmayaraq, bu qətnamələrin hələ də qüvvədə olduğuna diqqət çəkib.
Türkiyə nümayəndəsi bildirib ki, qaydalara əsaslanan beynəlxalq sistem onilliklər ərzində fələstinlilərə edilən haqsızlıqlar ucbatından iflasa uğramaq ərəfəsindədir. Türkiyəli diplomat fələstinlilərə qarşı ədalətsizliyə və ikili standartlara qarşı reaksiyanın eksponent olaraq artacağı ilə bağlı xəbərdarlıq edib.
Yıldız həmçinin dünyada müşahidə olunan islamofobiya, antisemitizm və ekstremizmin artan tendensiyasına diqqət çəkib.
O, işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətə toxunaraq qeyd edib ki, “məskunlaşma terroru” nəticəsində 2023-cü il bölgədə fələstinlilərə qarşı zorakılıq baxımından görünməmiş bir il olub. O, İsrailin Şərqi Qüds də daxil olmaqla qeyri-qanuni məskunlaşma fəaliyyətinin intensivləşməsinə işarə edib. Onun sözlərinə görə, bunun nəticəsində hazırda “işğal olunmuş Fələstin ərazilərinin bütövlüyü haqqında danışmaq olduqca çətindir”.
Onun sözlərinə görə, mövcud vəziyyət Fələstinin işğal olunmuş ərazilərinin demoqrafik strukturunu dəyişib. “İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında fələstinlilərin evlərinin sökülməsi və fələstinlilərin məcburi təxliyəsi davam edir. Üstəlik, fələstinlilərə qarşı zorakılığın səviyyəsi hər gün artır”.
Yıldız vurğulayıb ki, İsrailin Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərinin mahiyyətini və statusunu dəyişdirmək üçün bütün birtərəfli hərəkətləri və tədbirləri beynəlxalq hüququ pozur.
Türkiyə Beynəlxalq Ədalət Məhkəməsini İsrailin Şərqi Qüds də daxil olmaqla işğal olunmuş ərazilərdəki siyasət və hərəkətlərini beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni elan etməyə çağırır.
Türkiyə nümayəndəsi həmçinin müsəlmanların mübarək Ramazan ayı ərzində İsrailin Şərqi Qüdsdəki Haram-əl-Şərif (Məbəd dağı) kompleksinə müsəlmanların girişini məhdudlaşdırmaq planları barədə məlumatlardan narahatlığını bildirib. “Türkiyə müsəlmanların Haram-əş-Şərifdə sərbəst namaz qılmasına mane olmaq cəhdlərini pisləyir. Bu cür maneələr Qüdsün tarixi statusuna ziddir”, – deyə o qeyd edib.
O, Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri olduğunu və müsəlmanların ibadət yeri kimi bütövlüyünün qorunmalı olduğunu vurğulayıb.
Yıldız həmçinin Qəzza zolağında təcili atəşkəs və Ramazan ayı yaxınlaşdıqca Fələstinə humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə çağırıb.
Gununsesi.info