
ABŞ prezidenti Co Bayden misirli həmkarı Əbdülfəttah əs-Sisinin əqli kəskinliyi və yaddaşı ilə bağlı heç bir şikayət olmadığına əmin olduqdan sonra onu Meksika prezidenti ilə səhv salıb.
Gununsesi.info xəbər verir ki, Ağ Evdəki mətbuat konfransında Bayden məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı araşdırmanı yekunlaşdıran xüsusi prokuror Robert Hurun hesabatında yer alan “yaddaş itkisi və qocalıq ilə bağlı əsassız iddialara” qarşı çıxıb.
Bayden evində məxfi sənədlərin aşkarlanması ilə bağlı əvvəldən prokurorlarla əməkdaşlıq etdiyini bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, müvafiq dosyelərin əksəriyyəti onunla deyil, polis əməkdaşlarında olub və o, məxfi faylları qəsdən saxlamayıb.
“Hesabatda mənə qarşı heç bir ittiham irəli sürülməyib və bu, düzgündür”, – Bayden qeyd edib.
Digər tərəfdən Bayden mətndə yaddaşı və yaşı ilə bağlı bəzi ifadələrin onu təşvişə saldığını vurğulayıb. O bildirib ki, onun psixi sağlamlığı və yaddaşı çox yaxşıdır.
“O deyir ki, yaddaşım pisdir. Mənim yaxşı yaddaşım var. Qeyd olunur ki, oğlumun ölüm ilini xatırlamıram. Onlar bunu etməyə necə cəsarət edə bilərlər? Bunu kim unuda bilər?”- Bayden qəzəblənib və bu cür bəyanatları yanlış adlandırıb.
Ancaq bir neçə dəqiqə sonra Bayden səhvən Misir prezidentini “Meksika prezidenti” adlandırıb və bu, Amerika mediasında ajiotaj yaradıb.
ABŞ Konqresinin respublikaçı üzvləri sosial şəbəkələrdə mətbuat konfransının görüntüləri ilə qısa video yayımlayıblar ki, Bayden misirli həmkarını səhvən Meksika prezidenti adlandırır.
ABŞ mediası xəbərləri “Bayden prezident olmağa yaraşmır” sözləri ilə yayımlayıb.
Bundan əvvəl xüsusi prokuror Robert Hur ABŞ prezidenti Co Baydenin məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı aparılan istintaqa dair dərc edilmiş 388 səhifəlik hesabatında belə qənaətə gəlib ki, prezident məxfi məlumatları bilərəkdən saxlayıb, lakin yaddaş zəifliyinə görə ona qarşı heç bir ittiham irəli sürülməməsini tövsiyə edib.
Hesabata görə, Hurun Baydenə qarşı ittiham irəli sürməməyi seçməsinin səbəblərindən biri prokurorların məhkəmədə prezidentin qanunu pozmaq niyyətində olduğunu sübut edə bilməməsidir.
Gununsesi.info