Son rəqəmlər dəhşətlidir: Netanyahudan “mühasirə” AÇIQLAMASI

HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadalarının 7 oktyabr səhəri “Əqsa tufanı” adı altında İsrailə qarşı başlatdığı əməliyyatın ardından İsrailin Qəzzaya hücumları 33-cü günündə davam edir.

Gununsesi.info xəbər verir ki, İsrailin blokada altındakı Qəzza zolağına 32 gün ərzində təşkil etdiyi intensiv hücumlarda 30 min tondan çox partlayıcıdan istifadə etdiyi, bombardmanlar nəticəsində 40 min evin tamamilə dağıldığı, 222 min evin isə zərər gördüyü bildirilib.

İsrailin hücumlarında dağılan binaların dağıntıları altında insanların qaldığı, 3 mindən çox insanın itkin düşdüyü bildirilir.

İsrail ordusunun hücumlarında 237 məktəb müxtəlif ziyana məruz qalıb, 60 məktəb, 88 dövlət obyekti dağıdılıb, 48 jurnalist və 192 səhiyyə işçisi həlak olub, 40 təcili yardım maşını yararsız hala düşüb, 113 sağlamlıq mərkəzinə və 18 xəstəxanaya ciddi ziyan dəyib, 40 sağlamlıq mərkəzinin sıradan çıxdığı açıqlanıb. Ümumi əhalisi 2,1 milyon olan Qəzzada təxminən 1,5 milyon insanın didərgin düşdüyü açıqlanıb.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanın mühasirəyə alındığını açıqlayıb. “Biz minlərlə terrorçunu məhv etdik”, – deyə o əlavə edib.

Netanyahu bir daha bildirib ki, girovlar azad edilənə qədər atəşkəs olmayacaq. İsrailin müdafiə naziri Yoav Gallant İsrail əsgərlərinin Qəzzanın mərkəzinə daxil olduğunu açıqlayıb. O, əməliyyatın məqsədinə çatana qədər dayanmayacağını açıqlayıb.

Xatırladaq ki, Qəzzada Beynəlxalq Qızıl Xaç Təşkilatının iki maşınına hücum edilib. Maşınların mülki şəxslərə humanitar yardım apardığı bildirilib. Bir avtomobilin sürücüsü xəsarət alıb.

Gununsesi.info