SON DƏQİQƏ: Navalnı həbsxanada dünyasını dəyişdi

Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin (FSİN) yerli idarəsi məlumat yayıb.

“2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı gəzintidən sonra özünü pis hiss edib, sonra huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb”, – FSİN-in məlumatında deyilir.

Qeyd edək ki, Aleksey Navalnının 47 yaşı var idi.

O, 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb.

Xatırladaq ki, A. Navalnı 2021-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Gununsesi.info