
Yanvarın 27-də Serbiya prezidenti Aleksandr Vuçiçin 2000-ə yaxın əleyhdarı Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirib.
Gununsesi.info xəbər verir ki, aksiya iştirakçıları ötən ay keçirilən seçkilərin ləğv edilməsini və yenidən keçirilməsini tələb ediblər.
Müxalif Serbiya Zorakılığa Qarşı qrup Vuçiç hökumətini dekabrın 17-də paytaxt Belqrad da daxil olmaqla parlament və yerli seçkilər zamanı saxtakarlıqda ittiham edib.
Etirazçılar hökumətyönlü qərəzdə ittiham olunan Serbiyanın dövlət yayımı olan RTS-nin binasına da yürüş ediblər.
Qeyd edək ki, bu, Serbiyada keçirilən ilk aksiya deyil. Dekabrın sonundan minlərlə insan Vuçiçi səsləri oğurlamaqda ittiham edən mitinqlərə toplaşıb.
Beynəlxalq müşahidəçilər səslərin satın alınması və bülletenlərin atılması halları barədə məlumat veriblər və Serbiya seçkilərinin ümumilikdə ədalətsiz olduğunu bildiriblər.
Bununla belə, Serbiyanın Respublika Seçki Komissiyası yanvarın əvvəlində Aleksandar Vuçiçin Serb Tərəqqi Partiyasını seçkilərin qalibi kimi tanıyıb və müxalifətin şikayətlərini rədd edib. Ölkənin Konstitusiya Məhkəməsi isə hələ ki, qərar qəbul etməyib.
Gununsesi.info