
ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud qırıcılar üçün dəstlərin təkmilləşdirilməsi ilə bağlı Konqresə rəsmi məktub göndərib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin məlumatında deyilir.
ABŞ Dövlət Departamenti Türkiyəyə təxminən 23 milyard dollar dəyərində F-16 və müvafiq avadanlıqların satışına və modernləşdirilməsinə razılıq vermək qərarına gəlib, hesabatda qeyd olunur.
Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi sertifikatı Konqresə göndərib.
Məlumatda bildirilir ki, söhbət Ankaraya 40 yeni F-16 qırıcısının və mövcud 79 F-16 üçün modernizasiya dəstlərinin, eləcə də müvafiq avadanlıqların satışından gedir.
Satışın baş tutması üçün ABŞ administrasiyasının təqdim etdiyi bildirişə Konqresin heç bir etirazının olmaması lazımdır.
Bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Ağ Evdən müvafiq bildiriş alan kimi Türkiyəyə F-16 qırıcılarının satışını təsdiqləmək niyyətində olduğunu açıqlamışdı.
“Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı sorğusunu təsdiqləməm onun İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə bağlı idi” deyən senator Ankaranın İsveçin Alyansa daxil olmasını təsdiqləmək qərarından məmnunluğunu ifadə edib.
Kardin əmin edib ki, Ağ Ev rəsmi bildiriş göndərən kimi Komitə F-16-ların Türkiyəyə satışını təsdiqləyəcək.
ABŞ Konqresinin Türkiyəyə F-16 satışına dair rəsmi bildirişdən sonra qiymətləndirmək və etiraz etmək üçün 15 gün vaxtı var. Heç bir etiraz alınmasa, satış davam edəcək.
Müvafiq qanunvericiliyə görə, sözügedən müddət NATO ölkələri üçün 15 gün, NATO üzvü olmayan ölkələr üçün isə 30 gündür.
Türkiyə artıq xidmətdə olan 79 təyyarənin modernləşdirilməsi üçün ABŞ-dan 40 yeni F-16 Block 70 qırıcı və dəst tələb edib.
Keçən il Konqresin bəzi üzvləri F-16-ların satışını nəzərdə tutan ABŞ Müdafiə Nazirliyinin büdcə qanun layihəsindən əlavə müddəaları çıxarmışdılar.
Gununsesi.info