
Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili bildirib ki, o, Rusiya vətəndaşlarının Gürcüstana kütləvi köçdükdən sonra aldığı daşınmaz əmlakın milli təhlükəsizlik baxımından zorla alınmasını düzgün hesab edir.
Gununsesi.info xəbər verir ki, o, belə bir bəyanatla hələ də müalicə aldığı “Vivamed” klinikasından distant şəkildə iştirak etdiyi məhkəmə iclasında çıxış edib.
Saakaşvili əmin olduğunu bildirib ki, gec-tez Gürcüstanda hakimiyyət dəyişəcək və o zaman rusların Gürcüstanda kütləvi şəkildə daşınmaz əmlak almasının nəticələri ilə məşğul olmaq lazım gələcək.
“Rusların əksəriyyətinin psixi korreksiyası mümkün deyil. Bu insanlar Gürcüstan üçün artan təhlükə mənbəyidir… Hökumət dəyişən kimi ruslara mənzil satmaq üçün bir il vaxt verilməlidir”, – Mixail Saakaşvili bildirib.
Onun fikrincə, dövlət bu mənzillərin alınmasını və hazırda dünyanın başqa ölkələrində yaşayan Gürcüstan vətəndaşlarının əldə etməsini asanlaşdırmaq üçün proqram yaratmalıdır.
“Biz gürcülərin qayıtması üçün proqram yaratmalıyıq… Rusların Gürcüstanda uzunmüddətli gələcəyi yoxdur”, – Saakaşvili bildirib.
Əvvəllər müxalifət rusların kütləvi şəkildə ev və digər daşınmaz əmlak aldığını və bu, Gürcüstan vətəndaşları üçün qiymətlərin və kirayə xərclərinin artmasına səbəb olduğunu əsas gətirərək, ruslara yaşamaq icazəsinin verilməsinin məhdudlaşdırılmasını təklif edirdi.
2022-ci ilin statistikası göstərir ki, 2022-ci il ərzində Gürcüstan ərazisinə daxil olan və uzun müddət qalan insanlar arasında Rusiya vətəndaşları ən böyük paya malikdir. Üçüncü yerdə ukraynalılar qərarlaşıb.
Yazda keçirilən sorğunun nəticələrinə görə, gürcülərin 79%-i Rusiya vətəndaşları üçün vizasız rejimin ləğvinin tərəfdarıdır, lakin hakim partiya belə bir addımı dəstəkləmir.
Gununsesi.info