Səs yazısı qalmaqalı böyüyür: Səfir XİN-ə çağırıldı

Almaniyanın Moskvadakı səfiri Alexander Graf Lambsdorff bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info xəbər verir ki, “Sputnik Rusiya”ya danışan mənbə “Almaniya səfiri bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb” deyib. Cümə günü Rusiya mətbuatında yüksək rütbəli alman zabitləri arasında Rusiya və Ukrayna ilə bağlı təhlükəsizlik məsələləri ilə bağlı söhbət dərc olunub. Daha sonra Almaniyanın DPA xəbər agentliyi həmin səs yazısının real olduğunu bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius da səs yazısı ilə bağlı araşdırmanın ilk nəticələrinin gələn həftənin əvvəlində hazır olacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, “Russia Today” (RT) kanalının baş redaktoru Marqarita Simonyan alman zabitlərinin 30 dəqiqəlik audio yazısını yayıb.

Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi bir qərar olduğu halda “Taurus” raketlərinin necə göndərilə biləcəyini və Almaniyanın kəşfiyyatı və texniki dəstəyi olmadan Ukrayna tərəfindən istifadə oluna biləcəyini müzakirə ediblər.

Səs yazısında “Taurus” raketlərinin Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Krım yarımadasında inşa etdiyi Krım körpüsünü texniki cəhətdən məhv edə biləcəyi ilə bağlı müzakirələr də yer alıb.

 

Gununsesi.info