
Son günlər Azəbaycanda İslam peyğəmbərinin və imamların doğum günləri ifrat məclislər şəklində qeyd olunur. Bu tədbirlərin belə təntənəli şəkildə qeyd edilməsi müzakirələrə səbəb olaraq, birmənalı qarşılanmayıb. Tortların üzərinə müqəddəslərin şəkillərinin və müqəddəs məkanların maketlərinin vurulması, müxtəlif bəzək əşyalarından ifrat şəkildə istifadə edilməsi cəmiyyət üzvləri arasında narazılıq yaradıb.
Təbii ki, bu kimi ifrat dolu hərəkətlərin yol verilməsində insanların dini savadlarının olmaması da özünü göstərir. Din mövzusu həmişə həssas olduğu üçün bu kimi tədbirlərin keçirilməsi zaman insanlar tədbirin xarakterini də nəzərə almalıdırlar.
Qınaq halına çevrilən aşırı keçirilən bu tədbirlərin ümumiyyətlə dində hər hansi bir əsası varmı? Bu məsələyə şəriət nə deyir?
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dindarlar düşünməlidir ki, hansısa bir işi görəndə bu vəziyyət digər insanlar tərəfindən necə qarşılacaq?
“Dini nöqtəyi-nəzərdən yanaşsaq, bu günlərin çərçivədən çıxmamaq şərtilə keçirilməsi normaldır. Müxtəlif məzhəb fərqlərini nəzərə alsaq, bəzi xristian məzhəblərində də bu hallar var.
Adətən sünni məzhəbinə məxsus olanlar daha çox peyğəmbərin mövlud gününü qeyd edir. Adətən Türkiyədə və bizdə də bu geniş formada qeyd olunur.
Şiəlik məzhəbində isə daha çox məsum imamların həm doğum, həm də vəfat günləri ilə bağlı tez-tez keçirilən tədbirləri görürük. Keçirilən bu tədbirlər bütün hallarda həddini aşmamalı və kimlər üçünsə narahatlıq yaratmamalıdır”, – deyə o bildirib.
Deputat qeyd edib ki, son günlərdə Azərbaycanda toylarda şadlıq saraylarında namaz qılınması ilə bağlı geniş müzakirələr olmuşdu: “Bilmək lazımdır bütün dini məsələlər, vacibatlar ancaq Allah üçün görülən əməllərdir. Yəni bunların geniş bir formada reklam, təmtəraq, göstəriş məqsədilə edilməsi düzgün deyil. İnsanlarımız bu məsələləri daim nəzərə almalı və bu məsələlərdə öz münasibətlərini qorumalıdırlar. Heç bir halda, ifratçılığa yol vermək olmaz. Tortların, şirnilərin üzərinə müqəddəslərin şəkillərini vurmaq və bu kimi çərçivədən çıxılan halların olması düzgün deyil”, – o əlavə edib.
C.Məmmədov vurğulayıb ki, cəmiyyətdə hər kəs bir-birinə hörmət etməli, düşüncəsinə inancına normal yanaşmağı bacarmalıdır: “İfratçılıqdan uzaq olmaq lazımdır. Dediyim məsələlər hər kəsə aiddir.
Xüsusilə dindarlar, dini camiələr düşünməlidir ki, hansısa bir işi görəndə bu vəziyyət digər insanlar tərəfindən necə qarşılacaq? Bunun üçün səy göstərməlidirlər. Söhbət müəyyən tədbir və mərasimlərdən gedir ki, onun hansı formada necə qarşılanacağı hallar gündəmdə qalmamalıdır. Yəni bu prizmada hər iki tərəfin bu məsələyə soyuq başla eyni zamanda əndazədən çıxmadan həyata keçirilməsi daha doğrudur”.
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Gununsesi.info-ya bildirib ki, Azərbaycandakı müsəlmanların bu şəkildə ifrata varması, ilk növbədə İslam dininin şəninə xələl gətirir.
“Bu hərəkəti edənlər düşünürlərmi ki, bu cür israf və ifrat məclisləri Qurani-Kərimin ehkamlarına ziddir? Allah Qurani-Kərimdə insanları israf etməməyə çağırır. Dinimizin ehkamına görə, israf etmək dinimizin ehkamına görə, insanı “şeytanla qardaş olmaq” həddinə düşürür. Allah insanı gözəl biçimdə yaradıb, insanın da üzərinə düşən vəzifə bu gözəl yaradılışa layiq şəkildə yaşamaqdır”, – deyə o əlavə edib.
Jurnalist qeyd edib ki, bu məclislərdə müsəlmanların davranışları batil inanc sahiblərinin davranışlarına bənzəyir: “Belə israf məclisi keçirənlər bir anlıq düşünsünlər, mövlud günlərini keçirdikləri Allah Rəsulu Hz.Məhəmməd (s), onun Əhli-Beyti (ə) bu mənzərəni görsəydi, həmin müsəlmanlara nə deyərdi? Peyğəmbərimiz buyurur ki, qonşusu ac ikən tox yatan mənim ümmətimdən deyil. Bu çağırışa uymaq istəyən müsəlman ehtiyac sahiblərinə yardımları ilə savab qazana bilərlər.
Peyğəmbərimizin həyat tərzi bütün müsəlmanlar üçün ən gözəl örnəkdir. Allah Rəsulu sadə və kasıb həyat tərzi daşıyıb, əlində olanları yoxsullara əl tutub. Onun Əhli-Beyti də bu gözəl əxlaqın davamçılarıdır. Allah Qurani-Kərimdə bizdən Peyğəmbərimizin Əhli-Beytinə sevgidən başqa istəmədiyini bəyan edir. Bu israf məclisləri həmin sevginin üzərindən xətt çəkir, ortaya özünü göstərmək kimi uğursuz bir mənzərə çıxarır.
Kəbə evi müsəlmanların qibləsi, İslam dinində mühüm əhəmiyyət kəsb edən dəyərdir. Kəbənin formasında tort hazırlayıb, sonra onu bıçaqla kəsərək, bu mənzərəni də sosial şəbəkələrdə paylaşmaq hansı dini inancın görsənişlərini nümayiş etdirə bilər?”
R.Mirhəşimli qeyd edib ki, bu cür hərəkətlər İslam dininin əleyhinə olanlara dinimizə qarşı mənfi münasibətlərini genişləndirməyə səbəb verir: “Dinimiz müsəlman olduğumuzu göstərməyi deyil, müsəlan olaraq yaşamağımızı təşviq edir. Kənardan müsəlmanlara baxanlar tövhid anlayışını, ibadəti, inancı, xeyirxahlığı bu insanlarda görmək istəyir. Müsəlmanın davranışındakı mənfi hərəkətlər bilərəkdən, ya da bilməyərəkdən dini gözdən salmağa vasitə olur. Allahın sevmədiyi insanların qafil olmasıdır. Bu baxımdan, müsəlmanlar öz hərəkətlərində qafil olmamalı, dinimizin gözəlliklərini yaşayıb, bu həyat tərzi ilə də başqalarına nümunə olmalıdır”.
Şəbnəm Rəhimova
Gununsesi.info