Rusiya Qarabağda baş konsulluq açmaq istəyir

Moskva Xankəndi şəhərində baş konsulluq açmaq niyyətindədir və bu işdə Azərbaycanın dəstəyinə ümid edir.

Gununsesi.info-nun verdiyi xəbərə əsasən, bunu Rusiya Federasiya Şurası Xarici əlaqələr komitəsinin sədri Qriqori Karasin deyib.

“İkitərəfli məsələlərdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim. Biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – Karasin Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.

Rusiyalı senator baş konsulluğun açılışının bu il baş tutacağına ümid etdiyini bildirib. “Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək”, – Karasin əlavə edib.

Hələlik, bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ictimaiyyət qarşısında fikir bildirməyiblər.

Azərbaycan Xankəndi şəhərini 2023-cü ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində tam öz nəzarətinə götürüb. Bakı bunu “lokal antiterror tədbirlər”i, Yerevan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

1990-ci illərdən gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu. Daha sonra Qarabağda Azərbaycanın tanımadığı qurum fəaliyyət göstərirdi. Azərbaycanın Qarabağ və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan həmin ərazilərin böyük bir hissəsinə nəzarəti təmin etdikdən sonra bölgəyə Rusiya sülhməramlıları yerləşdirilmişdi. İndi həmin silahlı qüvvələrin bölgədən tədricən çıxarıldığı bildirilir.

Gununsesi.info