Rusiya ona loyallıq göstərən daha bir ölkəni itirdi

  • By admin
  • 04 Aprel 2023 11:27
“Rusiya ona loyallıq göstərən daha bir ölkəni – Fransanı itirdi. Avstraliya, Birləşmiş Krallıq və ABŞ arasında yaradılmış AUKUS alyansına Fransa da qoşulacaq”.
Bunu Gununsesi.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, artıq bunun əlamətləri görünür: “Belə ki, Paris BƏƏ-nin hərbi-hava qüvvələrinə məxsus 40 Mirage-2000 qırıcı təyyarəsinin pulunu ödəyərək onların Ukrayna hərbi-hava qüvvələrinin sərəncamına verilməsinə razılaşıb.
Xatırladım ki, bundan əvvəl AUKUS alyansına qarşı kəskin çıxış edən Fransanın buna ciddi əsasları vardı. AUKUS-un yaradılması Avstraliya ilə Fransa arasında 2016-cı ildə imzalanmış 40 mlrd dollarlıq müqavilənin ləğvinə səbəb olmuşdur. Müqaviləyə əsasən Fransa Avstraliyanın hərbi-dəniz qüvvələri üçün 12 dizel sualtı qayıq istehsal etməli idi. ABŞ və Böyük Britaniya isə Avstraliyaya onun donanmasını atom sualtı qayıqları ilə təhciz etməyə vəd vermişdi.
Nəticədə AUKUS hərbi alyansı yaradılmışdı və Avstraliya müqavilə şərtlərinə əməl etmədiyi üçün 555 milyon avro həcmində cərimə ödəmişdi. İndi Kanberra-London-Vaşinqton birliyinə Paris də qoşulur.
Beləliklə də Rusiyaya loyallıq göstərən ölkələrin sürətlə seyrələn siyahısında hələlik Almaniya, Iran, Çin və bir neçə Afrika ölkələri qalmaqdadır. Çin və İran isə elə Belarus qədər etibarlı müttəfiq sayıla bilər.
Belarusun nə dərəcədə etibarlı müttəfiq olduğunu görmək üçün isə Aleksandr Lukaşenkonun son bəyanatlarına və addımlarına diqqət yetirmək kifayət edər”.
Günel  Gözəlova
Gununsesi.info