Rusiya kəşfiyyatından “anti-Ərdoğan layihəsi”: Münaqişə belə qızışdırılıb – DETALLAR

Rusiya xüsusi xidmət orqanları Finlandiya və İsveçin NATO-ya daxil olması prosesinə müdaxilə etmək, xüsusən də bu ölkələrlə Türkiyə arasında ziddiyyətləri qızışdırmaq məqsədilə kampaniya planlaşdırıblar.

Gununsesi.info xəbər verir ki, Finlandiyanın “Yle” teleradio şirkəti bu barədə bazar ertəsi jurnalistlərin əldə etdiyi sənədlərə istinadən məlumat yayıb. “Yle” öz mənbələrindən əlavə “Dosye” mərkəzinə də istinad edib.

“Yle” tərəfindən əldə edilən sənədlər İsveç və Finlandiyadakı kampaniya planlarını ortaya qoyur. “Dosye” Mərkəzi Rusiya kəşfiyyat xidmətlərinin Parisdə bu kampaniya çərçivəsində tədbirlər təşkil etdiyini göstərən sənədlər əldə edib. Bu barədə “Yle”-yə müstəntiq İlya Rojdestvenski məlumat verib.

Sənədlərdə xüsusilə qeyd olunur ki, İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı hadisələr Türkiyə ilə münasibətlərdə gərginliyə səbəb olub və onların daha da gərginləşməsinə yönəlmiş tədbirlərin görülməsi tövsiyə olunur. Söhbət xüsusilə Avropa şəhərlərində Türkiyə prezidenti Rəcəb Ərdoğanın ünvanına birbaşa təhqirlərlə dolu nümayişlərin keçirilməsi, həmçinin anti-İslam və Türkiyə əleyhinə qraffitilərin yerləşdirilməsi ilə bağlı olub. Bütün bunlar sosial şəbəkələrdə işıqlandırılmalı idi. “Yle”nin dərc etdiyi sənəddə bu aksiya “anti-Ərdoğan layihəsi” adlanır.

“Dosye”nin məlumatına görə, mərkəz Rusiya kəşfiyyatçılarının bu əməliyyatlardan biri – 2023-cü ilin martında Parisdə keçirilmiş məlumatı əldə edib. Həmin vaxt orada İslam əleyhinə şüarlar altında bir sıra nümayişlər keçirilib və Ərdoğan da tənqid olunub.

Gununsesi.info