
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qəbələnin Vəndam qəsəbəsində polislə vətəndaş arasında baş verən insidentlə bağlı birgə məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, birgə yayılan məlumatda polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edildiyi bildirilib.
Qeyd edilib ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək” – məlumatda qeyd olunur.