Azərbaycanın burada əsas rolu ondan ibarətdir ki, cənab Prezidentin Zəngilanda da vurğuladığı kimi, biz şəksiz olaraq regionun lideriyik — istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımdan. Və biz bu liderliyimizi qoruyub saxlayacağıq.
“Hətta sizə deyim ki, necə bizim üçün Qarabağın azad olunması prioritet idisə, biz də təxminən 30 il ərzində bütün hərbi-siyasi və maliyyə gücümüzü bu məqsədə yönəltdik və nəticə əldə etdik. İndi isə şəksiz liderliyimizi — söhbət ümumilikdə Cənubi Qafqazdan gedir — qorumaq və genişləndirmək niyyətindəyik. İstər Gürcüstanda, istərsə də xüsusilə Ermənistanda Azərbaycan bu lider mövqeyini qoruyacaq və daha da gücləndirəcək.”
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi:
“Amma biz də tək deyilik. Birincisi, bizim qardaş və müttəfiq dövlətimiz Türkiyə var — ‘bir millət, iki dövlət’ prinsipi əsasında münasibətlərimiz möhkəmdir. İkincisi, Türkiyədən əlavə Pakistan da Azərbaycanın yaxın tərəfdaşlarından biridir. Bundan başqa, Avropada iqtisadi, siyasi və enerji layihələri baxımından əməkdaşlıq etdiyimiz bir sıra ölkələr var. Bunlardan biri İtaliyadır, eləcə də Şərqi Avropanın əksər ölkələri. Həmçinin, coğrafi baxımdan Avropanın bir hissəsi sayılan Böyük Britaniya ilə də sıx əlaqələrimiz mövcuddur. Azərbaycan bütün bu reallıqları nəzərə alaraq, kifayət qədər mürəkkəb və düşünülmüş siyasət yürüdür.”












